Azərbaycan ordusu Ermənistana girib? Yerevandan ziddiyətli məlumatlar

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün bəyan edib ki, Azərbaycan ordusu Ermənistanın şərq sərhədlərindən içəri daxil olub.

 

O bunu bazar ertəsi bu məlumatla bağlı çağırdığı Təhlükəsizlik Şurasının iclasında deyib.

 

Ermənistan baş naziri həmin iclasda müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edib və onun yerinə Suren Papikyanı təyin edib.

 

Bundan sonra Ermənistanın Təhlükəsizlik Şurası baş nazirin dedikləri ilə uyğun gəlməyən məlumat yayıb. Məlumatda Təhlükəsizlik Şurası  bildirir ki, dünənki irəliləyiş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 4 döyüş postu mühasirəyə alınıb: “Buna baxmayaraq, danışıqlardan sonra düşmən texnikası ilə geri çəkilsə də, qeyd olunan dörd mövqedən erməni birləşmələri də çıxarılıb. Buna baxmayaraq, Azərbaycan qoşunları 2021-ci ilin may ayından bu əraziyə daxil olaraq bu ərazidə yerləşdirilməkdə davam edir”.

 

Bir gün əvvəl Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanın zirehli texnikasının Ermənistana girdiyi barədə məlumatı təkzib etmişdi.

 

Bu səhər Azərbaycan tərəfi Kəlbəcər istiqamətində Ermənistan hərbçilərinin Azərbaycan mövqelərinin intensiv atəşə tutulduğunu bildirib.

 

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

 

Mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb.

 

Bundan əlavə bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd KamAZ markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub.

 

Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb.
Ermənistan silahlı qüvvələrinin təxribatlarının, həmçinin döyüş mövqelərində aparılan mühəndis işlərinin qarşısını almaq məqsədilə bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən plana uyğun adekvat tədbirlər görülür.

 

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

 

Basta