Saleh Rüstəmlinin azad olunması tələbilə aksiya təyin olunub
Siyasi məhbus Saleh Rüstəmova azadlıq tələbiylə keçiriləcək etiraz aksiyasıyla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edilib. Bu haqda İlkin Rüstəmzadə özünün feysbuk səhifəsində məlumat yayıb.
Müraciətdə qeyd olounub ki, aksiya 1 dekabr 2021-ci il tarixdə saat 15:00-dan 16:00-dək Bakının Fəvvarələr Meydanında keçiriləcək.
Saleh Rüstəmli artıq 25-ci gündür ki, həbsxanada aclıq edir.
O, 2018-ci il mayın 8-də narkotik ittihamı ilə tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.
AXCP ittihamı təkzib edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onlar məhkəmədə ittihamları qəbul etməyib. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.