Ramiz Mehdiyevin məhkəməyə cəlb olunması tələb edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyev və onun vəkilləri bu barədə vəsatət qaldırıb

 

24 il (1995-2019) Prezident Administrasiyasına rəhbərlik etmiş, hazırda Milli Elmlər Akademiyasının prezidenti olan Ramiz Mehdiyevin məhkəməyə çağırılıb dindirilməsi tələb olunub.

 

Noyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyev və onun vəkilləri bu barədə vəsatət qaldırıb.

 

Quliyev 2018-ci ilin mayında – Aparat rəhbəri olduğu dövrdə həm də icra başçısının müavini səlahiyyətini icra edən şəxs statusunda imzaladığı sərəncama görə mühakimə olunur.

 

Söhbət Bakının mərkəzində – Dilarə Əliyeva 141 ünvanında tarixi-memarlıq abidəsi sayılan yaşayış binasının sökülməsi və yerində çoxmərtəbəli binanın tikilməsi üçün “FF-2011” şirkətinə icazə verilməsindən gedir.

 

Quliyev isə deyir ki, əslində, həmin vaxt faktiki onun rəsmən müavin səlahiyyətləri olmayıb. Çünki Hacıbala Abutalıbov 2017-ci ilin sentyabrında Prezident Administrasiyasının razılığı olmadan onu müavin təyin edib. Bir müddət sonra Prezident Administrasiyasının o vaxtkı rəhbəri Ramiz Mehdiyev Bakı şəhər İcra Hakimiyyətinə məktub göndərib ki, Quliyev müavin səlahiyyətlərini icra edə bilməz. Çünki onun təyinatı üçün Prezident Administrasiyasının razılığı alınmayıb.

 

“Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 2.7-ci bəndində göstərilib ki, yerli icra hakimiyyətinin başçısı olmadıqda, onun səlahiyyətlərini Prezident Administrasiyasının rəhbərilə razılaşdırmaqla, icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

 

Tarixi-memarlıq abidəsi sayılan bina ilə bağlı sərəncam Abutalıbov baş nazirin müavini təyin ediləndən az sonra – 2018-ci ilin mayında imzalanıb. Quliyev deyir ki, faktiki həmin fakt onun həmin sərəncamı imzalamaq səlahiyyəti olmadığına görə sözügedən sənədin də hüquqi qüvvəsi yoxdur. Məhz bu məsələnin araşdırılması üçün Ramiz Mehdiyevin məhkəmədə dindirilməsi tələb olunub.

 

Lakin Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatətə “yox” deyib.

 

Quliyevin məhkəmədə dindirilməsini istədiyi daha bir şəxs isə 18 il birlikdə işlədiyi Abutalıbovdur.

 

Vəkillər vəsatəti əsaslandırarkən “FF-2011” şirkətinin rəhbəri Tamilla İbrahimovanın məhkəmədəki ifadəsinə istinad ediblər.

 

O bildirib ki, sözügedən söküntü-tikinti məsələsilə əlaqədar məsələni Abutalıbovla hələ 2012-ci ildə həll eləmişdi. Abutalıbovun özünün də bununla bağlı 3 sərəncamı olub. Sadəcə, 2018-ci ildə qayda dəyişdiyinə görə daha bir sərəncama ehtiyac duyulub və o zaman artıq Abutalıbov Nazirlər Kabinetinə getdiyinə görə Rasim Quliyev imzalayıb.

 

“Əslində, bu məsələləri araşdırmaq üçün istintaq Hacıbala Abutalıbovu dindirməliydi. Təəssüf ki, bunu eləməyiblər. Heç olmasa, məhkəmə eləsin”, – vəkil belə deyib.

 

Lakin məhkəmə bu vəsatəti də təmin etməyib.

 

Xatırlatma

 

50-yaşlı Rasim Quliyev 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb. Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib.

 

O, icra hakimiyyətinin Xarici Əlaqələr Departamentinin sədri təyin edilib. 2018-ci ilin noyabrında Eldar Əzizov icra başçısı vəzifəsinə təsdiqlənəndən az sonra Quliyev ümumiyyətlə, bu qurumdan işdən çıxarılıb.

 

Sabiq məmura CM-in 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

 

AzadlıqRadiosu