Saleh Rüstəmlinin azad olunması tələbilə aksiyada saxlanılanlar var
Dekabrın 1-də Bakının Fəvvarələr Meydanında siyasi məhbus Saleh Rüstəmlinin azad olunması tələbilə aksiya keçirilib. Nida Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü İlkin Rüstəmzadə və ictimai fəal Mete Türksoyun təşəbbüsü ilə keçirilən aksiyanın qarşısı polis tərəfindən alınıb.
Azı 40 nəfərin saxlanıldığı bildirilir. Saxlanılanların arasında Mete Türksoy, Tofiq Yaqublu, Ayxan Hacıbəyli və Əziz Məmiyev də var.
Saleh Rüstəmli artıq 26-cı gündür ki, həbsxanada aclıq edir.
O, 2018-ci il mayın 8-də narkotik ittihamı ilə tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.
AXCP ittihamı təkzib edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onlar məhkəmədə ittihamları qəbul etməyib. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.