Ərdoğan Rusiyanın Qarabağda “tək hakim” olmasından narahatdır
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumata yayıb.
Türkiyə Prezidentinin xahişi ilə Vladimir Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçi görüşünün əsas nəticələri barədə məlumat verib.
Danışıqlar zamanı qeyd edilib ki, Bakı və İrəvanın regionda sabitliyin təmin edilməsi kontekstində qarşılıqlı fəaliyyətə, habelə iki dövlət arasında sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılmasına hazırlığının təsdiqlənməsi vacibdir.
Bundan əlavə, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı praktiki məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
R.T.Ərdoğan Rusiyanın vasitəçilik rolunun vacibliyini qeyd edərək, səylərin gələcək koordinasiyasının, o cümlədən atəşkəs rejiminə və münaqişə zonasında bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin imkanlarından istifadə edilməsinin tərəfdarı olduğunu bildirib.
Ərdoğan-Putin danışığını şərh edən siyasi icmalçı Asif Nərimanlı hesab edir ki, müharibənin başa çatmasından sonra Rusiya bölgədə “tək hakim” rolunu saxlamaq üçün bu mərkəzin aktiv fəaliyyətinin qarşısını alıb.
“Ankara və Bakının məqsədi isə bölgədəki proseslərdə yekun sözün rus sülhməramlı kontingentinin rəhbərliyində yox, mərkəzdə olmasına nail olmaqdır və istisna deyil ki, bu məsələ zaman-zaman qapalı təmaslarda da gündəmə gətirib. Bakı Qarabağda erməni terrorçuların təxribatları ilə bağlı da davamlı olaraq mərkəzi məlumatlandırır.
Ərdoğanla Putinin müzakirələri haqda informasiyalarda həmişə mərkəzin fəaliyyətinin qənaətbəxş olduğu vurğulanırdı. İlk dəfədir Türkiyə prezidenti mərkəzin imkanlarından istifadəyə çağırır, yəni bununla aktivləşdirmək istədiyini elan edir”.
Ekspert deyir ki, Ankaranın bunu indi açıq şəkildə dilə gətirməsi təsadüfi deyil: sərhədin delimitasiya və demarkasiyası prosesinin yekununda Qarabağda Ermənistan de-fakto oyundan kənarlaşdırılacaq; Ankara, Bakı və Moskvanın qalacağı oyunda Türkiyə bu mərkəz üzərindən təsir imkanlarını genişləndirmək, ən azı ruslarla balansı bərpa etmək niyyətindədir;
“Bakı və Ankaranın buna nail olmaq üçün praktiki gedişlər etməsi də mümkündür”.
Modern.az