Divan siyasi məhbusların dərhal azad olunmasını tələb edir

Müsavat Partiyasının Mətbuat Xidmətindən “Basta” ya verilən məlumata görə dekabrın 6-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

 

Məclis sədri Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən iclasda əvvəlcə helikopter qəzasında həyatını itirən şəhidlərimizin xatirəsi sayğı duruşu ilə yad edilib.
Müzakirələr zamanı görülən işlər barədə məlumat dinlənilib.
Müsavat Partiyasının rayon təşkilatlarında konfranslara hazırlıq məsələləri müzakirə olunub.
Artıq 31 gündür ki, aclıq aksiyası keçirən Saleh Rüstəmlinin həyatına təhlükə yarandığı qeyd olunub. Onun hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumat verilib.
İclasda həmçinin gənc fəal Rüstəm İsmayılbəylinin şərlənərək həbs edilməsi, həmçinin onun təhsili ilə bağlı süni problemlərin yaradılması pislənilib.
Müsavat Partiyası Azərbaycan hakimiyyətinin insan haqqlarını kobud surətdə pozmaqla, qoşulduğu İnsan Haqqları barədə Konvensiyanın şərtlərinə əməl etmədiyini bəyan edir.
Müsavat Divanı dekabrın 1- də keçirilən dinc aksiya iştirakçılarına qarşı amansızlıqla davranılmasını qətiyyətlə pisləyir və siyasi motivlərlə həbs olunmuş məhbusların dərhal azad olunmasını tələb edir.
İclasda Qarabağ Nizamlanması, həmçinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel şəhərində keçiriləcək görüşü barədə müzakirələr aparılıb.
İclasda helikopter qəzasının səbəbləri müzakirə edilib. Hakimiyyətdən bu faciənin dəqiq araşdırılması, xalqa faktlara əsaslanan inandırıcı məlumatların verilməsi tələb olunub.
Belə bir faciə gününün ölkədə matəm elan edilməməsi pislənib.
Sonda cari məsələlər müzakirə olunub.
Basta2.com