Saleh Rüstəmovun vəziyyəti ağırdır

AXCP-yə pul yardımı etməkdə təqsirləndirilən, bir aydır həbsdə aclıq aksiyası keçirən Saleh Rüstəmovun vəziyyəti “ağırdır”, onun vəkili Bəhruz Bayramov bildirib.

O, BBC News Azərbaycancaya söyləyib ki, bazar ertəsi günü Saleh Rüstəmovla görüşdə müvəkkilinin vəziyyətinin “heç də yaxşı olmadığını” müşahidə edib.
Rusiya vətəndaşı olan Saleh Rüstəmov 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 3 ay azadlıqdan məhrum edilib. O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib.

Saleh Rüstəmov ittihamları rədd edib və bildirib ki, qanuni əsaslarla işlədiyi Rusiyadan AXCP-nin həbsdə olan üzvlərinə ərzaq almaq və hüquqi yardım göstərilməsi üçün 3 il ərzində partiyaya cəmi 6-7 min manat pul göndərib.
Onun özü, AXCP və bəzi hüquq müdafiəçiləri Rüstəmovun həbsini daha çox siyasi motivlərlə əsaslandırırlar.

Parlamentin insan hüquqları komitəsinin sədri Zahid Oruc Saleh Rüstəmovun həbsi bardə BBC News Azərbaycancaya deyib ki, məsələni “siyasiləşdirmək çox böyük yanlışlıqdır” və hakimiyyət siyasi rəqiblərini təqib etmir.
Bəhruz Bayramov bildirib ki, Saleh Rüstəmovun bu gündən quru aclığa keçməməsi üçün ailə üzvləri onunla görüşüb.Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov BBC News Azərbaycancaya deyib ki, bacı və qardaşları onu quru aclığa keçməməyə “çətinliklə” inandırıblar.
“Dedik ki, sən quru aclıq etsən, bu işdən çox adam ziyan çəkəcək. O da söz verdi ki, quru aclığa keçməyəcək. Bizə dedi ki, məqsədim təhdid etmək deyil, quru aclıqla bu işi sonlandırmaq istəyirəm”, – Taleh Rüstəmov deyib.