Müsavat Divanının gündəliyi
Dekabrın 13-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda qərarların icrası müzakirə edilib. Rayon təşkilatlarında və Müsavat Qadınlar Birliyində keçirilən iclaslar haqqında məlumat verilib.
Siyasi məhbus Saleh Rüstəmlinin artıq quru aclıq aksiyasına başladığı barədə məlumat verilib, onun həyatına təhlükə olduğu bildirilib, dərhal azadlığa buraxılması tələb edilib.
Dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Şərq Tərəfdaşlığı sammiti və bu toplantı cərçivəsində Azərbaycan və Ermənistan dövlət başçılarının nəzərdə tutulan görüşü barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Avropa Birliyi ilə assosativ əməkdaşlıq haqqında sazişin indiyədək imzalanmaması Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycan Rusiyanın vasitəçiliyi olmadan Ermənistanla birbaşa sülh danışıqlarına üstünlük verməlidir.
Azərbaycanda rus icması olduğu halda, Xankəndidə ikinci bir icmanın yaradılması ölkənin suverenliyinə təhlükə kimi qiymətləndirilib. Qarabağda rus icmasının yaradılması, “xilaskar” rus əsgərinə abidə qoyulması və Xocavənddə futbol komandası üzvlərinin Azərbaycan bayrağını təhqir etməsindən dərin narahatlıq ifadə edilib. Hakimiyyətdən bu hadisələrə prinsipial münasibət bildirməsi tələb olunub.
Sonda cari məsələlər müzakirə olunub.