Danışılmalı bircə məsələ var: seçki
Unun qiyməti qalxdı, media qanunu belə oldu, filankəsin işinə görə ədalətli istintaq aparılmadı, filankəs büdcədən yenə oğurladı, filankəsi şərləyib tutdular, Tərtər işi belə oldu, vəziyyətimiz gün-gündən pisləşir və sairə.
Banal həqiqəti bir də təkrar edək. Bunlar hamısı nəticədir. Bütün bunlar ona görə baş berir ki, bu camaatın seçki vecinə deyil. Bu camaat parlamentdə oturan deputatla özünün adam kimi yaşayışı arasında məntiqi əlaqə qura bilmir, bunları bir-birilə əlaqəsi olmayan işlər hesab edir.
Bu əlaqəni qurub, ayağa durub azad və ədalətli seçki tələb edib, keçirdənə kimi nəinki heç nə düzəlməyəcək, əksinə vəziyyət daha da pisləşə-pisləşə üzü Türkmənistana doğru gedəcək. Sabah bundan daha da pis olacaq və olmalıdır, olmasa, bu həyatın məntiqi olmaz.
Sizi əzib, minənlərin, bundan daha pis olmasını istəyənlərin, ölkəni Türkmənistana çevirmək istəyənlərin qulluğunda müntəzir olanlar isə seçki fikrinin başınıza girməməsi üçün dövlətçilik, millətçilik, filankəs turnikdə 15 dəfə dartındı və sair bu tipli işlərlə fikrinizi yayındıracaqlar.
Azərbaycan xalqının bircə problemi var. Özünə hökumət, parlament seçə bilmir, aqibətinin sahibi deyil.
Onu seçki hüququndan məhrum edənlərin nə isə yaxşı bir şey edəcəyinə ümidi var. Qalan bütün problemlər törəmədir, ona görə onlardan danışmaq mənasızdır.
Bircə danışılmalı məsələ var: seçki hüququ, vəssalam.
Yazı Altay Göyüşovun feysbuk səhifəsindən götürülüb.