Kadırovun adamları hüquq müdafiəçisinin anasını “oğurlayıblar”
Çeçenistanın hüquq-mühafizə orqanları “İşgəncələrə qarşı komitənin” hüquqşünası Abubakar Yanqulbayevin xəstə anası Zarema Yanqulbayevanı Nijni Novqoroddakı mənzilindən tutub Çeçenistana aparıblar. Bu barədə qurumun teleqram kanalında məlumat verilib.
Yanqulbayevlər ailəsinin vəkili Nataliya Dobronravova “Novaya qazeta”ya bildirib ki, şəkərli diabet xəstəsi olan Zarema Çeçenistan Daxili İşlər Nazirliyinin Qroznı üzrə Baş İdarəsinin nümayəndələri tərəfindən fiziki təzyiqə məruz qalıb.
Abubakar Yanqulbayev “İşgəncələrə Qarşı Komitə” adlı hüquq müdafiə təşkilatının Şimali Qafqaz bölməsinin hüquqşünasıdır. 2021-ci il dekabrın 28-də təhlükəsizlik qüvvələri onu Pyatiqorsk polisinə aparıb. O, azadlığa buraxıldıqdan sonra “terrorçuluğa bəraət” ittihamı ilə açılan cinayət işi üzrə şahid qismində saxlanıldığını bildirib. Dindirilmə zamanı ona 1ADAT müxalifət hərəkatının teleqram kanalına aidiyyatı olub-olmadığı barədə suallar verilib.
Üç gün əvvəl Yanqulbayev 40-a yaxın qohumunun Çeçenistanda naməlum şəxslər tərəfindən oğurlandığını bildirmişdi. Onların pasport və telefonlarından başqa, daşınmaz əmlaka aid sənədləri də götürülüb.
Çeçenistanın rəhbəri Ramzan Kadırov bir müddət əvvəl bildirib ki, o, Yanqulbayev qardaşlarının 1ADAT müxalifət hərəkatının teleqram kanalının moderatorluğunda iştirak etdiklərindən şübhələnir.
“Əslində bu, belə deyil. Amma Kadırovçular Çeçenistanda yaşayan qohumlar vasitəsilə mənə təsir etmək qərarına gəliblər”, – Abubakar Yanqulbayev qeyd edib.
Çeçenistan hüquq mühafizə orqanlarının bu addımı Rusiyanın hüquq müdafiə təşkilatları tərəfindən adam oğurluğu kimi qiymətləndirilib. Abubakar Yanqulbayevin atası Saidi Yanqulbayev Rusiyada Federal Məhkəmənin hakimidir. Amma heç bu amil də Çeçenistandakı rejimi qanunsuzluqdan çəkindirməyib.
Basta