Neftçalada “Nohurlar qəbristanlığı”nı kim salır? – ARAŞDIRMA

Kür çayı artıq çoxdan ekoloji fəlakətin qurbanı olub.

 

Xəzərin duzlu sularının Kürə qarışaraq çay yatağını doldurması, bütün Neftçala ərazisindən ötüb Salyana çatması və sakinlərin çarəsiz vəziyyətdə şoranlaşmış sulardan istifadə etmək məcburiyyətində qalması faciəvi durumdur.

 

Duzlu dəniz suyunun qarışdığı, suyu get-gedə azalan Kürün pambıq, taxıl tarlalarına axıdılması da qaçınılmazdır.

 

Problemin digər tərəfi isə təsərrüfatlarda suvarma üçün istifadə olunduğu üzün azalan, üstəlik sahillərinin antisanitar vəziyyətdə olması səbəbi ilə günü-gündən çirklənən Kür çayının sahilboyu kəndlərdə içməli su kimi də istifadə olunmasıdır. Problemin kökü çoxşaxəli və dərindir.

 

Məişət tullantılarını Kürün sahilinə atmaq məcburiyyətində qalan kəndlərin sakinləri buna səbəb kimi kəndlərinə zibil konteynerlərinin qoyulmamasını göstərirlər.

 

Xəzərin suları Kürə qarışır – İçməli su kimi istifadə olunan Kürün suyu duzlaşır.

 

Xəzərin duzlu suları Kürə qarışır – Bu su ilə suvarılan pambıq, taxıl və digər təsərrüfat sahələri şoranlaşır.

 

Bildiyimiz kimi suyun çirklənməsi ya da hidrik, ətraf mühitə və həyata zərər verən fiziki-kimyəvi və ya bioloji xüsusiyyətlərinin dəyişdirilməsidir.

 

Buna su çirkliliyi də deyilir və çirkləndiricilərin olması ilə müəyyən edilir. Hazırda Kür çayı fiziki-kimyəvi və ya bioloji xüsusiyyətlərinin dəyişdirilməsi prosesini keçərək çoxdan çirklənib.

 

Ümumiyyətlə, suyun çirkləndirilməsi prosesi bir neçə amillə xarakterizə olunur. Çirkləndirmələr kimyəvi, bioloji, fiziki olur. Çirkləndirmədə Kürün çirkləndirilməsini məişət tullantıları ilə çirkləndirilərək kimyəvi amil kimi, Xəzərin şoran suları qarışması nəticəsində bioloji amil kimi xarakterizə etmək olar. Demək olar ki, bu iki amilin etiva olunduğu məsələlər artıq çoxdan Kürün başına gəlib.

 

Suyun çirkləndirilməsinə rəvac verən daha bir amil isə suyun tərkibinin fiziki dəyişdirilməsidir.  Təəssüf ki, Kürün suyu fiziki yan təsirlərin nəticəsində fiziki olaraq da dəyişdirilir. Çayın suyu müxtəlif yerlərdə kiçik qollar yaradılaraq fərqli istiqamətlərə axıdılır. Bu fəaliyyətlər nəticəsində Kürün süni yaradılmış qolları əmələ gəlir. Bu da Kürün əsas mənfəzində suyun səviyyəsinin azalmasına səbəb olur. Yaradılan süni qollar müxtəlif məqsədlər üçün istifadə olunur. Əsas etibari ilə balıq nohurları yaradılmasına yönəldilir. Hazırda Kürün Neftçala ərazisində ciddi problemə çevrilmiş bu məsələ nədənsə nəzarətdən çıxıb. Yaxud məqsədli surətdə yerli məmurların istismarına icazə verilib. Məlumatı olanlar yaxşı bilir ki, Kürün suyunun azalmasına səbəb olan ən əsas məsələlərdən biri balıq nohurlarıdır. Kür boyu çayın suyunu gecə-gündüz sümürən nohurlar.

 

Nohurlarda bəslənilən balıqlar yalnız şirin su ilə yaşayır  və balıqların böyüyüb artıb törəməsi üçün onun suyunun dayanmadan təzələnməsi tələb olunur. Bu göllərin, nohurların hamısı bağlanmalı olduğu halda günü-gündən artır. Yenicə yaradılmış bir nohurun suyu şoranlaşan, yaxud quruyan kimi başqa nohur yaradılır. Dərc etdiyimiz fotolardan da gördüyünüz kimi artıq Kürün sahilboyu kəndlərində istifadə müddəti bitdiyi, durmadan yeniləri yaradıldığı üçün bəlli bir “Nohurlar qəbristanlığı” əmələ gəlib.

 

Zaman-zaman məsələ ilə bağlı etiraz səsləri gəlsə də, zaman-zaman bu məsələ ictimai müzakirəyə çıxarılsa da, nədənsə həllini tapmır. Bu balıq nohurlarını yaradan “nohurbaz” məmur kimdirsə durdura bilmirlər. Bəlkə də durdurmaq istəmirlər. Ancaq unutduqları bir şey var. Neftçalalılar nohur balığı yeməsələr yaşaya bilər, susuz yaşaya bilməzlər.

 

Kür çayı susuz heç yaşaya bilməz. Suyu varsa balığı da olacaq. Su isə tükənmək üzrədəir.

 

Kürün dərdinə çarə vaxtıdır.

 

Belediyye.net