Eldar Həsənov: “Bildiklərim mənimlə qəbrə gedəcək”. O, 10 il müddətinə azadlıqdan məhrum edildi
Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş məhkəmə prosesində keçmiş səfir Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, sabiq səfirin ailə üzvlərinə, o cümlədən övladlarına məxsus bir sıra daşınmaz əmlaklar, mənzillər də müsadirə olunub, onun vəkili Cavad Cavadlı BBC News Azərbaycancaya deyib.
Eldar Həsənov son sözündə onda bəzi mühüm sirlərinin olduğuna işarə vurub və “bildiklərim mənimlə qəbrə gedəcək” deyib.
Ölkənin həm də keçmiş baş prokuroru olmuş Eldar Həsənov mənimsəmə və ya israfetmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə, vəzifə saxtakarlığında günahlandırılıb.
O bu ittihamları rədd edir, həbsini sifarişli sayır.
Vəkil Cavad Cavadlının sözlərinə görə, Eldar Həsənovun adına 1989-cu ildə dövlət tərəfindən verilmiş 6 sot torpaq və orda tikilmiş bağ evi, o cümlədən qardaşı oğluna və öz ovladlarına məxsus daşınmaz əmlaklar müsadirə edilib: “Biz həbs qərarından da, əmlakların müsadirəsi ilə də bağlı apellyasiya verəcəyik”.
Eldar Həsənovun son sözü:
Məhkəmədə “son söz”lə çıxış edən Eldar Həsənov bildirib ki, 2019-cu ilin fevralında Serbiyadan Ermənistana silah satışı haqda məlumatı da rəsmi şəkildə Xarici İşlər Nazirliyinə özü təqdim etmişdi: “Bunu faktlarla sübut etmişəm. Serbiya bunu təkzib etsə də, yenidən faktı Xarici İşlər Nazirliyinə təqdim etdim. Görünür, bu hərəkətim kimlərinsə xoşuna gəlməyib və prezidentə başqa cür təqdim ediblər…”, Azadlıq Radiosu onun çıxışından belə bir sitat verib.
Eldar Həsənov son sözündə deyib ki, “Prezident İlham Əliyevdən inciyib”. Amma onu da əlavə edib ki, ona xəyanət etməyəcək: “Ondan inciyə bilərəm, amma ona dönüklük eləmərəm. Mənim fiziki məhvimə qərar verilsə belə, bildiklərim özümlə qəbirə gedəcək. Mən namərd olmaq istəmirəm”.
BBC