Vətən uğrunda 4 kilo ət

2026-cı ildə hərbi veteranlara əlavə heç nə düşmür

2026-cı ildə Azərbaycanın 1,1 milyon vətəndaşının təqaüdü 9 faizdən çox artırılıb. Bu, yaxşıdır. Azdır, amma hədiyyə verilən atın dişinə baxmazlar – artırmaya da bilərdilər və biz nə edəcəkdik? Heç nə. Mən sevinirəm.

2019-cu ildə təyin olunmuş Qarabağ müharibəsi iştirakçılarının qazi puluna hökumət toxunmayıb. Ayda 80 manat necə var idisə, elə də qalıb. 80 manat dörd kiloqram yaxşı ət deməkdir. Xalqın və dövlətin həyatını müdafiə edən – get bazara, dörd kiloqram qoyun əti al, ailənə yemək bişir, sabah dünəndən qalanı yeyərsiniz vəssalam.

1992–1994-cü illərin birinci müharibəsinin veteranları maksimum 44 gün yox, bir neçə aydan üç ilə qədər döyüşüblər. 30 il ərzində həyatın qiyməti artıb, bir çox veteran xəstədir və dərmanlara dövlətin verdiyindən daha çox pul xərcləyir. Amma hətta simvolik 100 manata qədər də 2026-cı ildə hərbi veteranlara prezident təqaüdü artırılmayacaq.

Hökumət 2019-cu ildə prezident təqaüdü təyin edilmiş birinci Qarabağ müharibəsinin 80 min veteranı olduğunu bildirirdi. Təbii səbəblərdən bu insanların sayı hər il azalır. Tutaq ki, indi onların 70 mini yaşayır. Deməli, pensiyanı 100 manata çatdırmaq üçün hökumətə ildə 16 milyon 800 min manat ayırmaq lazımdır. Hər il bu rəqəm təbii səbəblərdən azalacaq.

Oxucular etiraz edib deyə bilərlər ki, hökumətin çətinlikləri var: yeraltı ehtiyatlarımızdakı neft və qaz azalır, Qarabağda tikintiyə milyardlar xərclənir. Amma mən bu təxminən 17 milyon manatı yetimlərdən almağı təklif etmirəm. Sadəcə dövlət xərclərində ağıllı olmaq kifayətdir. Əgər hökumət daim zərər edən Azersu-ya damla formasında 22 mərtəbəli bina tikintisi üçün 120 milyon dollar “hədiyyə” etməsəydi, bu vəsait bütün veteranlara 10 il ərzində əlavə ödənişlərə bəs edərdi. 10 ildən sonra isə biz – sizin sevincinizə – öləcəyik. Pul sizə qalacaq.

Mətbuatda cəmi iki “yerli” korrupsionerin dövlət vəsaitlərini mənimsəməsi ilə bağlı dərc olunan məbləğləri oxuyanda gördüm ki, Bakıda “Formula-1” yarışının keçirilməsinə ayrılan vəsaitlərin mənimsənilməsində ittiham olunan Çingiz Mehdiyev 400 min manat mənimsəyib. SOCAR Trading şirkətinin keçmiş icraçı sədri Adnan Əhmədzadə isə 2,1 milyard dollar oğurluqda ittiham olunur. Üstəlik, Mehdiyev və Əhmədzadə tanınmış nazirlərimiz və PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevlə müqayisədə nisbətən xırda fiqurlardır.

Yəni əgər dövlət qulluğuna alnında doğulduğu gündən dollar nişanı olan oğrular yox, vicdanlı, normal insanlar təyin edilsəydi, dövlətin müharibə veteranlarının təqaüdünü 20 manat yox, 100 faiz artıraraq ayda 160 manata çatdırmağa imkanı olardı.

Əlbəttə, əsgərlərin müharibədə çəkdiyi əzabları və evdə qalan valideynlərin, qadınların, uşaqların çəkdiyi iztirabları pulla ölçmək olmaz. Vətəni qoruyaraq valideynlərimizin ömrünü qısaltdıq, övladlarımızın uşaqlığını göz yaşları ilə doldurduq.

Amma bu gün bir çoxları üçün bunlar sadəcə boş sözlərdir. Təkrarlandıqca məbləğ dəyişmir. Bizi idarə edənlər 4 kq ət həcmində müavinətə möhtac deyillər.

Kamal Əli