ABŞ Rusiyaya yazılı cavab verdi
Çərşənbə günü günortadan sonra jurnalistlərə açıqlama verən ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Ukrayna ilə bağlı hərbi eskalasiyanın qarşısını almaq üçün danışıqların bir hissəsi olaraq Rusiyaya təhlükəsizlik zəmanəti tələblərinə yazılı cavab verib. Bu haqda Amerikanın səsi məlumat yayıb.
Blinkenin sözlərinə görə, cavab Rusiyanın bu yolla getməyə hazır olduğu halda irəliyə doğru diplomatik yol nəzərdə tutur və Rusiya tərəfinin ifadə etdiyi narahatlıqların prinsipial və praqmatik qiymətləndirilməsini özündə cəmləşdirir. Bundan əlavə, sənəddə ABŞ və onun müttəfiqlərinin ifadə etdiyi narahatlıqlar öz əksini tapıb.
Amerika diplomatiyasının rəhbərinin sözlərinə görə, sənəddə Ukraynada qüvvələrin birləşdirilməsi ilə bağlı şəffaflığın təmin edilməsi üçün qarşılıqlı tədbirlərin görülməsinin mümkünlüyü qeyd olunub.
O qeyd edib ki, sənəddə diqqət yetirilməli olan müsbət məqamlar var. Blinken ABŞ-ın dialoqa açıq olduğunu və diplomatik yanaşmaya üstünlük verdiyini vurğulayıb. Onun sözlərinə görə, indi hansı yolu seçmək təşəbbüsü Rusiyanındır, ABŞ isə istənilən varianta hazırdır.
Blinken topun indi Rusiya tərəfində olduğunu qeyd edib.
Blinken Ukrayna məsələsində ABŞ və müttəfiqlərinin mövqelərinin birliyini vurğulayıb. Xüsusən də Almaniyanın həmrəyliyinə inamını ifadə edib.
Dövlət katibinin sözlərinə görə, ABŞ prezidenti Co Bayden Rusiyaya təqdim olunan sənədin hazırlanmasında fəal iştirak edib. Bundan əlavə, prosesə ABŞ-ın müttəfiqləri və tərəfdaşları da cəlb edilib.
Dövlət katibi əmin edib ki, ABŞ Rusiyanın hərəkəti halında qlobal enerji təchizatı infrastrukturunun təsir altına düşməməsi üçün mümkün olan hər şeyi edəcək.
O, həmçinin bildirib ki, Ukraynadakı Amerika vətəndaşları ölkəni tərk etmək barədə ciddi düşünməlidirlər. Onun sözlərinə görə, ABŞ-ın Kiyevdəki səfirliyi açıq olaraq qalır. Blinken əlavə edib ki, NATO Rusiyaya öz cavabını göndərəcək.
Qeyd edək ki, yanvarın 10-dan 13-dək Cenevrə, Brüssel və Vyanada bağlı qapılar arxasında keçirilən danışıqlarda Rusiya və ABŞ, eləcə də Rusiya və NATO təhlükəsizlik zəmanətləri ilə bağlı razılığa gələ bilməyib. NATO-nun baş katibi Yens Stoltenberq də bildirib ki, NATO təşkilatın genişləndirilməsi və şərqdə qoşunların yerləşdirilməsi məsələsində “heç bir güzəştə getməyəcək”.
Washington Post keçən həftə yazmışdı ki, Vaşinqton Moskvadan ABŞ-ın yazılı cavabının tam mətnini açıqlamamağı xahiş edib.
“Nastoyasheye vremya”nın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 26-da Dövlət Dumasında ABŞ-dan verilən cavabla əlaqədar ziddiyətli açıqlama verib: “Moskva, görünür, Amerikanın sənədini dərc edə bilməyəcək. Amma onların reaksiyasının mahiyyəti buna layiqdir ki, Rusiyanın və digər ölkələrin ictimaiyyəti bu barədə məlumatlandırılsın. Əminəm ki, biz bunu edə bilərik”.
Basta