M.Ə.Rəsulzadə: ”Salam Türküstana” – Nəsiman Yaqublunun təqdimatında…
Bu günlərdə Qazaxıstanda baş verən proseslər dünyanın ciddi diqqət mərkəzindədir. Bu məqamları nəzərə alıb M.Ə.Rəsulzadənin 1927-ci ildə “Yeni Qafqasiya” jurnalında dərc edilmiş “Salam Türküstana” yazısını oxuculara tqdim edirəm.
.
M.Ə.Rəsulzadə:
SALAM TÜRKİSTANA
.
“Yeni Qafqasiya” qarelərini təbşir edir. “Yeni Türkistan” məcmuəsi nəşr olundu. Dörd sənəyə yaxın bir zamandan bəri məzlum və əsir türklüyün Qızıl Rus istilasından çəkdiyi çəkilməz əzabı bütün dünyaya, bilxassə türk və islam dünyasına anladan “Yeni Qafqasiya” artıq yalnız deyildir.
.
“Yeni Türkistan”ın əhəmiyyəti bu qədərlə də qalmaz. O mübariz türklüyün sədasını bizimlə bərabər bu cahana əks etdirəcəyi kimi, hürriyyət və istiqlala mütəvəcceh mücadiləmizdə dəxi bizi təqviyə edəcəkdir. Azərbaycan xalqının hürriyyət və istiqlalını başlıca olaraq hədəf ittixaz edən “Yeni Qafqasiya” hürriyyət və istiqlal mücadiləsinə atılan Türkistanın həqiqi sədasına məkəs “Yeni Türkistan”ı çox səmimi bir həyəcanla qarşıladı.
.
“Yeni Türkistan” qızıl istila üzərinə yurdlarını tərklə mültəci və mühacir sifətilə yaşayan türkistanlıların vasiteyi-nəşri-əfkarı olaraq nəşr olunur və “Türkistan” təbirini “şərqi və qərbi Türkistana Qazaxıstan, Türkmənistanlara da şamil bir isim” sifətilə alıyor və bu ismə verilən “Yeni” sifəti ilə “Müstəqil Türkistan” mənasını qəsd edir.
Müstəqil Türkistan.İştə yeni arkadaşımızın iki kəlmədə ifadə edilən böyük proğramı! Müstəqil Azərbaycan və müstəqil Qafqasiya proqramını təqib edən bizim üçün başqa izahata lüzum yoxdur. Dərd-aşinayız, anlarız.
.
Türklüyün ana yurdunu təşkil edən Türkistan istiqlalının federalist Türkçülüyün təsəvvür etdiyi müstəqil türk elləri silsiləsindəki mövqei mühümdür. Türk Azərbaycanının təkrar istiqlalına qovuşması üçün Türkistan istiqlal hərəkatının ciddiyyət kəsb etməsi nə qədər mühümdür!.. Otuz milyonluq Ukrayna, on iki milyonluq Qafqasiya yanında on iki milyonluq Türkistan: iştə bir miqdar ki, Rusiyanı adət əzəmətilə görməyə alışqan gözlərə soxulmalıdır!..
.
“Yeni Türkistan” istiqlalını istihdaf etdiyi məmləkətin müstəqil həyata namizəd bir vətən olduğunu tarixi, harsi, iqtisadi və siyasi mülahizələrlə isbat edir. İlk nüsxədə ortaya atılan “Müstəqil Türkistan” tezisinin mütəaqib nüsxələrdə kəmali-müvəffəqiyyətlə müdafiə ediləcəyi hiss olunmaqdadır. Bundan dolayı yeni arkadaşımızı səmimiyyətlə təbrik edir, müdafei bulunduğu “Yeni Türkistan”a candan müvəffəqiyyət dilər, söyləriz:
-Salam Türkistana!
“Yeni Qafqasiya”, 18 həziran 1927 / 18 zilhiccə 1345,
il:4, №18, s. 3-4
Təqviyə etmək – gücləndirmək
İttixaz – əxz etmə, qəbul etmə
Məkəs – əks yeri
Mültəci – qaçqın
Hars – mədəniyyət
Red: 18 həziran 1927 / 18 zilhiccə 1345 – 18 iyun 1927
Moderator.az