Ukrayna ordusu Donetsk istiqamətində irəliləyir

Ukrayna ordusu Donetsk vilayətində irəliləməkdə davam edir. “Unian” agentliyi ordu rəsmilərinə istinadən  Donetsk vilayətinin Storojiv kəndinin Rusiya işğalçılarından azad edildiyini açıqlayıb. Dəniz Piyadaları Korpusunun 35-ci Əlahiddə Briqadasına istinadən yayılan məlumatna görə, qəsəbə 2022-ci ilin martından işğal altında olub: “Qəsəbənin təmizlənməsi əməliyyatında  əlliyə yaxın raşist öldürülüb, 4 nəfər əsir götürülüb. Bu gün yenidən Storojiv üzərində dövlət bayrağı dalğalanır”.

Qəsəbənin işğaldan azad edilməsini Ukrayna Müdafiə Nazirliyi də təsdiqləyib. Nazir müavini Anna Malyar dəniz piyadalarına təşəkkür edib və bütün Ukrayna torpaqlarının azad ediləcəyini vurğulayıb.

İyunun 11-də Donetsk vilayətində bir neçə başqa yaşayış məntəqəsinin də azad edildiyi məlum olub. Ukrayna Müdafiə Nazirliyi Donetsk vilayətində Blaqodatnı və Makarovkanın işğaldan azad edildiyini təsdiqləyib.

Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində Xortitsa və Tavriya istiqamətindən də xoş xəbərlərin gəldiyini bildirib hərbçilərə təşəkkür edib.

Donetsk vilayətinin Neskuchnoye kəndinin azad edilməsi barədə də məlumat verilib.

Basta