Qazaxıstanın keçmiş müdafiə naziri həbs olundu
Qazaxıstanda keçmiş müdafiə naziri Murat Bektanov həbs edilib. O, mövcud hakimiyyətə qarşı etiraz aksiyaları və onlarla bağlı yaranmış iğtişaşlar zamanı hərəkətsizlikdə ittiham olunub. Sabiq nazir Nur-Sultan İstintaq Təcridxanasına göndərilib.
Murat Bektanov 2021-ci ilin avqustundan Qazaxıstan Müdafiə Nazirliyinə rəhbərlik edir. Bu il yanvarın 19-da etirazlar zamanı o, respublika prezidenti Qasım-Jomart Tokayevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.
Yanvarın 2-də Qazaxıstanda maye qazın qiymətinin artırılması ilə bağlı kütləvi etiraz aksiyaları başlayıb və tədricən bütün ölkəni əhatə edib.
Yanvarın 10-da KTMT-nin onlayn sammitində Tokayev ölkədə baş verənləri “çevriliş cəhdi” adlandırıb. Onun sözlərinə görə, “kortəbii etirazlar pərdəsi altında iğtişaşlar dalğası baş verib”. Tokayev etirazları yatırtmaq üçün KTMT qoşunlarını Qazaxıstana dəvət edib.
Rusiya, eləcə də təşkilatın digər üzvləri (Ermənistan, Belarus, Qırğızıstan və Tacikistan) göndərdiyi KTMT kontingenti gəldikdən iki həftə sonra Qazaxıstanı tərk edib. Tokayev daha əvvəl KTMT hərbçilərinin hərbi əməliyyatlarda iştirak etmədiyini və “strateji obyektlərin” mühafizəsi ilə məşğul olduğunu bildirib.
Ölkənin Baş Prokurorluğunun məlumatına görə, yanvar etirazları zamanı ümumilikdə 225 nəfər həlak olub, daha 4500 nəfər yaralanıb. Yanvarın 18-də Qazaxıstanın səhiyyə naziri reanimasiyada olan iki qurbanın öldüyünü açıqlayıb. Beləliklə, qurbanların rəsmi ilkin sayı 227-yə yüksəlib.
Yanvar hadisələri zamanı və ondan sonra minlərlə insan terror, kütləvi iğtişaşlar, silah oğurluğu və digər cinayətlərdə şübhəli bilinərək həbs edilib. Həbs edilənlərin çoxu işgəncəyə məruz qaldıqlarını bildirib.
Basta