Müsavat fevralın 26-da Xocalının özündə anım tədbirinin keçirilməsini təklif edir – Divanın gündəliyi
Fevralın 21-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə qərarların icra vəziyyəti haqda məlumat dinlənilib. Nizamnaməyə uyğun olaraq rayon təşkilatlarının hesabat-seçki yığıncaqlarının keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qeyd edilib ki, fevralın 26-da Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq. Müsavat Partiyasının rəhbrliyi həmin gün saat 15:00-da Bakıda Ana Harayı Abidəsini ziyarət edəcək. İclasda qeyd edilib ki, hətta sülhməramlı qüvvələrin müşayəti ilə olsa belə, Xocalı sakinlərinin Xocalıda faciə qurbanlarının xatirəsini yad etməsi üçün şərait yaradılmalıdır. Divan bu təklifin reallaşması üçün hakimiyyətə rəsmi müraciət etməyi qərara alıb.
Azərbaycanda dərmanların qiymətinin ucuzlaşdırılması ilə bağlı Müsavat Partiyasının tələbinin cəmiyyətdə rəğbətlə qarşılandığı qeyd edilib. Ekspertlərin iştirakı ilə bu mövzuda Dəyirmi Masanın təşkil edilməsi qərara alınıb.
Qeyd edilib ki, ötən həftə arzində jurnalistlər Fatimə Mövlamlı və Sevinc Sadıqova, hüquq müdafiəçiləri Zaur Əkbər və Rüfət Səfərov polis zorakılığı ilə üzləşiblər. Rüşvətxorluğa qarşı dinc etiraz aksiyası keçirən yük avtomobilllərinin sürücüləri Mirələm Məmmədov və Elvin Məlikov əvvəlcə polis tərəfindən qeyri-insani rəftara məruz qalıb, sonra Nərimanov Rayon Məhkəməsinin əsassız qərarı ilə 30 sutka inzibati həbsə məhkum ediliblər. Müsavat Partiyası bu faktları Azərbaycanda Azərbaycanda insan haqlarının kobud şəkildə pozulması kimi qiymətləndirib və buna son qoyulmasını tələb edib.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun övladları Rza və Seymur Talıbovların çirkli pulyuma mexanizmilə milyonlar qazanması barədə OCCRP-nin yeni araşdırması haqda məlumat dinlənilib. Müsavat Baş prokurorluqdan bununla bağlı araşdırma aparmasını, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat verilməsi və müvafiq tədbirlər görülməsini tələb edir.
Ukrayna-Rusiya sərhədində gərginliyin getdikcə artması və bunun mümkün nəticələri mövzusunda fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə edilib.
Basta