Putin tsuqtsvanq vəziyyətindədir – Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirdi
Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda Rusiyanın Donetsk və Luqanskakı separatçı rejimləri tanıması təklifi müzakirə olunub.
Putinin Ukrayna ilə bağlı cızdığı plan pozulub. Ona görə isterik vəziyyətdədir.
Donetsk və Luqanskdan heç bir səbəb olmadan 61 min nəfər təxliyyə edilib.
Baxmayaraq ki, Ukrayna təmkinli davranaraq, təxribata getməyib. Ukraynanın atəşkəsi pozduğu barədə ortada heç bir sübut yoxdur. Hətta Rusiya 4 nəfər “dinc sakinin” həlak olduğu barədə məlumat yaysa da, onların adını belə çəkə bilməyib.
Putinin, Təhlükəsizlik Şurasının iclası keçirərək, qəbul edəcəyi qərarı kiminləsə məsləhətləşməsi, xüsusən bu məsləhətləşmənin efirdə nümayiş etdirilməsi təəccüblüdür. Adətən Putin belə etmir. Məsələn, Qazaxıstana qoşun yeridəndə heç kimdən soruşmamışdı…
Görünür, Ukraynanın təxribata getməməsi Putini çətin vəziyyətə salıb. O, 61 min nəfərin heç bir səbəb olmadan evakuasiya edilməsinin izahını verməli olacaq. Ona görə dozanı artırmaq zorunda qalıb. Dozanı hərbi meydanda artırmaq Putinin sonu deməkdir – onu və ordusunu məhv edəcəklər, çünki Ukraynanın arxasında mütərəqqi dünya dayanıb.
Ona görə Putin sadəcə Donetsk və Luqanskdakı separatçı qurumları “dövlət” olaraq tanımaqla, velikorus şovinistləri qarşısında özünün geri çəkildiyini gizlətməyə çalışır…
Amma separatçı rejimlərin tanınmasının da Rusiyanın dövlət maraqlarına böyük ziyan vuracağını anlayır və bu məsələdə məsuliyyəti bölüşmək üçün Təhlükəsizlik Şurasının iclasını çağırıb…
Amma Putin tam olaraq heç bu istəyinə də çatmadı. İclasda bir çoxları Putinin eşitmək istədiyini desələr də, Rusiya TŞ üzvü və Xarici Kəşviyyat İdarəsinin rəhbəri Serqey Narışkin birmənalı mövqedə olmadığını büruzə verdi… Putinin ondan qəti mövqe tələb etməsi münasibətlərdəki ziddiyəti üzə çıxardı. Putin isə əsəbi şəkildə Narışkindən qəti mövqe tələb etdi. Buna cavab olaraq Narışkin Donetsk və Luqanskın Rusiyaya birləşdirilməsi qərarına tərəfdar olduğunu dedi. Putin isə “biz bunu yox, onların dövlət müstəqilliyinin tanınmasını müzakirə edirik” dedi. Narışkin yalnız bu təpkidən sonra Putinin eşitmək istədiyi cümləni dilə gətirdi. Bütün çıxışlardan sonra Putin separatçı rejimləri “dövlət” olaraq tanımaq təkliflərinə “baxarıq” cavabını verdi.
Rusiya Ukraynaya girmək üçün bəhanə axtarır. Əgər Donetsk və Luqanskın dövlət olaraq tanınması barədə qərar veriləcəksə, bu qərarın özü də Ukraynanı təxribata çəkmək, və bundan sonra Rusiyanın hücuma keçməsi üçün bəhanə əldə etmək məqsədi daşıyacaq. Amma heç bu da Putini xilas etməyəcək.
Putin, şahmat dili ilə ifadə etsək, tsuqtsvanq vəziyyətindədir. İstənilən gediş onun ziyanınadır, amma o bu gedişi etməyə məcburdur, çünki gediş növbəsi onundur.
Mustafa Hacıbəyli
Basta