Rusiya məğlubiyyətə məhkumdur
Mustafa Hacıbəyli
Rusiya prezidenti Vladimir Putin Şər imperiyası olan Rusiyanın işğalçı ordusuna Kiyevi zəbt etmək tapşırığı verib. Hələki bacarmırlar. Amma tutalım, Rusiya Kiyevi tutdu. Sonra? Sonra nə edəcəklər?
Şəhərin 3 milyon əhalisini indiki zəmanədə qırmayacaqlar ki?
Uzaqbaşı blokpostlar quracaq, Ukrayna hakimiyyətindən kapitulyasiya tələb edəcəklər. Kapitulyasiya olmayacaq. Hətta olsa və Kreml bir marionet rejim qursa belə, heç kim onlara tabe olmayacaq. Ukrayna xalqı Narıncı inqilabdan sonra 17 ildən artıqdır ki, azadlıq dadıb və onu ram etmək artıq mümkün olmayacaq.
Odur ki, Kiyevin tutulması da Rusiya üçün başqa bir bataqlıq olacaq. Kiyev əhalisinin əksəriyyəti bu və ya digər səbəbdən qaçqın düşsə belə, orada 10-15 min nəfərin qalması partizan hərəkatı üçün bəs edəcək. Hər gün Rusiyaya onlarla, yüzlərlə tabut gedəcək.
Blokpostları darmadağın etmək, hücumda olan qoşunu saxlamaqdan daha asandır. İşğalçı ordunu taxtabiti kimi qıracaqlar. Bu perspektivə Putin rejimi nə dərəcədə hazırdır?
Eşq olsun Ukrayna xalqına, hərəkət edən orduya qarşı da şir kimi dayanıblar.
Bu gün Ukrayna şərə, avtoritarizmə qarşı mübarizənin önündədir.
Putin təbliğat müharibəsində Zelenskiyə uduzdu. Ukrayna təxribatlara getmədi və Putinin hövsələsi çatmadı. Rusiya rəhbəri aylarla “biz Ukraynaya hücum etməyəcəyik” dedikdən sonra, fevralın 24-də açıq şəkildə müharibə elan etdi. Bu gün nəinki bütün dünyada, hətta Rusiyanın özündə müharibə əleyhinə böyük hərəkat başlayıb. Rusların bu müharibədə fədakarlıq etməsi üçün motivasiya yoxdur. Ona görə ruslar məğlubiyyətə məhkumdur.
Ukrayna ya bir neçə gündən, ya da bir neçə aydan sonra qələbə qazanacaq. Bu, bütün dünyada azadlıq mücadiləsinin qələbəsi demək olacaq. Haqqın, ədalətin qələbəsi demək olacaq.
O gün bizim küçədə böyük bir bayram olacaq.
Basta