Azərbaycanlı mühacirlərdən Ukraynaya dəstək
Azərbaycanlı mühacirlərin birləşdiyi “Promotey” təşkilatı Rusiyanın Ukraynanı işğal etmək cəhdi ilə bağlı bəyanat yayıb.
Təşkilatdan “Basta”ya təqdim olunan sənəddə deyilir:
“Son dövrdə beynəlxalq aləmdə və xüsusilə də, regionda baş verən hadisələr fonunda Rusiyanın imperiya ambisiyalarının daha da artması qlobal sülhə və təhlükəsizliyə ciddi təhdid yaratmaqdadır. Bunun bariz nümunəsi kimi Rusiyanın fevral ayının 24-dən etibarən Ukraynanın işgalı üçün hərbi əməliyyatlara başlaması faktı ciddi narahatlıq doğurub.
Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatı beynəlxalq hüquqa və insanlıq əleyhinə hərbi cinayətdir. Ukraynaya qarşı tərədilən hərbi cinayətlərə görə Rusiyanın siyasi və hərbi rəhbərliyi birbaşa məsuliyyət daşıyır.
Rusiya prezidenti Vladimir Putin öz hakimiyyətini qorumaq naminə yalnız Rusiya və Ukrayna üçün deyil, Avropa və bütün dünya üçün fəlakətli nəticələri olacaq bir addım atib. “Promotey” təşkilatı olaraq Rusiyanın beynəlxalq prinsiplərə və hüquq normalarına zidd olan işğalçılıq və ipmeriya siysətinə etirazımızı bildirir, suveren dövlətlərin daxili işlərinə hər cür müdaxiləni qətiyyətlə pisləyir və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsini yolverilməz hesab edirik.
Bu ağır günlərdə Ukrayna xalqı ilə çiyin-çiyinə olduğumuzu, insanlıq əleyhinə hərbi cinayətlərinə görə Rusiyanın ağır şəkildə cəzalandırmasına tələb edən tərəqqipərvər bəşəriyyətlə həmfikir olduğumuzu bəyan edirik.
Ukraynanı yalnız 44 günlük müharibədə Azərbaycana dəstək verdiyi üçün yox, həm də haqlı olduğu, öz ölkəsinin ərazi bütövlüyü, azadlığı naminə döyüşdüyü üçün dəstəkləyirik. Ukraynaya dəstək, həm də Azərbaycan üçün də çox vacib olan beynəlxalq hüquqa, ərazi bütövlüyü prinsipinə, demokratiyaya dəstəkdir. Ukraynaya qələbə arzulayırıq”.
Qeyd edək ki, “Promotey” təşkilatına azərbaycanlı siyasi mühacir Eldəniz Yusibov rəhbərlik edir.
Basta