Arif Hacılı: “Hakimiyyət son davranışları ilə sanksiyalar üçün əsas yaradır”

Müsavat Partiyasının başqanı Arif Hacılının Amerikanın Səsinə müsahibəsi

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində 14 iyul yürüşündən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarının kütləvi həbsindən və Azərbaycan rəsmilərinə qarşı sanksiya məsələsindən danışıb.

Amerikanın Səsi: 14 iyulda Azərbaycanda orduya dəstək yürüşündən sonra bir çox AXCP fəalları həbs edildi və onlara qarşı bir sıra ittihamlar irəli sürüldü. Ümumiyyətlə bu həbslərə münasibətiniz necədir?Hakimiyyət bu yolla Azərbaycan cəmiyyətinin gözünü qorxutmağa çalışır. Ancaq, bu davranışlar əbəsdir.

Arif Hacılı: 14-15 iyul hadisəsi əslində Azərbaycan xalqının Azərbaycan əsgər və zabitlərinə dəstək verməsi, Azərbaycan ordusuna dəstək verməsi məqsədilə keçirilmişdir. Eyni zamada, bu, döyüşlərdə general-polkovnik Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digərlərinin həlak olmasına etiraz olaraq həyata keçirilən bir aksiya idi. Ancaq təəssüf ki, Azərbaycan hakimiyyəti əslində Azərbaycan xalqının vətənpərvərlik ruhunun qaldırlmasına xidmət edən bu aksiyanı xalqa qarşı çevirdi. Hakimiyyət bu imkanı böhrana çevirdi və repressiyalara başladı. Artıq 100-dən artıq adamın həbs olunması və onların xeylisinin inzibati qaydada cəzalandırılması, həbs edilməsi, eyni zamanda çox ciddi maddələrlə cinayət işinin açılması əslində Azərbaycan hakimiyyətinin rəqiblərinə qarşı, müxalifətə qarşı repressiya kampaniyasının tərkib hissəsi idi. Eyni zamanda, hakimiyyət bu yolla Azərbaycan cəmiyyətinin gözünü qorxutmağa çalışır. Ancaq bu davranışlar əbəsdir. Elə 14-15 iyul hadisəsi də göstərdi ki, Azərbaycan vətəndaşları dövlətimiz naminə Azərbaycanda normal bir cəmiyyətin qurulması naminə, ümumilli ideyalar ətrafında çox qısa müddətdə və sürətlə birləşməyə və bu amallar uğrunda fədakar mübarizəyə hazırdırlar. Bu həbslər siyasi motivli həbslərdir. Xalq Cəbhəsi Partiyası üzvlərinin həbs edilməsi, bir daha qeyd edirəm ki, Azərbaycan hakimiyyətinin apardığı yalnış, ziyanlı və milli mənafelərimizə zidd olan bir siyasətdir ki, bu siyasət durdurulmalıdır.

.

.

Amerikanın Səsi: Arif bəy, həm də indi beynəlxalq ictimaiyyət Azərbaycanla bağlı sanksiya məsələsinə də toxunur. Avropa Parlamentinin deputatları bu məsələni artıq qaldırıblar. Ümumiyyətlə bu sanksiyaların Azərbaycana tətbiq edilməsini necə qiymətləndirirsiniz? Əgər, sanksiyalar olarsa, bu Azərbaycanda insan hüquqlarının vəziyyətinin yaxşılaşmasına kömək edəcəkmi?Azərbaycana qarşı sanksiyaların tətbiq olunması Azərbaycanın həm beynəlxalq imicinə ziyan vurur, eyni zamanda Azərbaycanın siyasi, iqtisadi imkanlarını məhdudlaşdırır.

Arif Hacılı: Bu ​sanksiyalar mövzusu uzun müddət müzakirə olunur. Bəzi hallarda hakimiyyət dairələri bu sanksiyaların tətbiq olunmasına müxalifətin tərəfdar olduğu, guya müxalifətin buna çalışdığını bəyan edir. Ancaq əksinə hakimiyyət öz davranışları ilə belə əsaslar yaradır, bu şəkildə Azərbaycana qarşı böyük kampaniyaların təşkil olunması həm ABŞ-da, eyni zamanda, Avropada Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi siyasəti tələbləri, məhz Azərbaycan hakimiyyətinin fundamental insan haqlarını tapdalaması, Azərbaycanda repressiya siyasətinin həyata keçirilməsindən sonra hər dəfə aktuallaşır. Yəni, bu baxımdan, əgər Azərbaycan hakimiyyəti sanksiyaların olmasını istəmirsə və bütövlükdə aydın məsələdir ki, Azərbaycana qarşı sanksiyaların tətbiq olunması Azərbaycanın həm beynəlxalq imicinə ziyan vurur, eyni zamanda Azərbaycanın siyasi, iqtisadi imkanlarını məhdudlaşdırır. Hakimiyyət bunu istəmirsə, bu tipli addımlara yol verməməli, repressiyalara son qoymalıdır, 14-15 iyul aksiyasında həbs olunanlarla yanaşı bütün siyasi məhbusları dərhal azadlığa buraxmalıdır.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər hazırda inzibati həbsdədir, 13 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə hazırda AXCP-nin 42 fəalı siyasi sifarişlə həbsədədir,” məlumatda qeyd edilir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri bildirib ki, iyulun 14-də Milli Məclisin qarşısında keçirilən aksiya zamanı baş vermis insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.

Milli Məclis Aparatının məlumatında deyilir ki, Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında insidentin təşkilində Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.

“Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” prezident qeyd edib.

Amerikanın səsi