Avqust ayında 190 manat yardım kimlərə veriləcək?
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonlarda 190 manat birdəfəlik ödəmə proqramı avqust ayında da tətbiq olunacaq.
Bu barədə İlham Əliyev göstəriş verib.
Sərtləşdirilmiş xüsusi karantin rejimi 13 şəhər və rayonda – Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında qüvvədədir.
Bu yardım aprel-may ayları üzrə birdəfəlik ödəməni almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı yuxarıda sadalanan rayon və şəhərlərə aid olan şəxslərə veriləcək.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi açıqlayıb ki, ödəmələr həmin bölgələr üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 278 min şəxsi əhatə edəcək və bu məqsədlə 53 milyon manat vəsait sərf olunacaq.
Ödəmə may ayında birdəfəlik ödəməni almaq üçün vətəndaşlara verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək.
Azərtac yazır ki, avqust ayında 190 manat yardımın verilməsilə bağlı yeni qərar layihəsi Nazirlər Kabinetinə təqdim olunub.
Birinci dəfə tətbiq olunan təcrid planı zamanı hökumətin qəbul etdiyi dəstək planında nəzərdə tutulmuşdu ki, Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış 200 minə qədər şəxsə bu ilin aprel-may aylarında yaşayış minimumu qədər – 190 manat -birdəfəlik ödəniş verilsin və bunun üçün 70 milyon manat ayrılmışdı.
Bir çox vətəndaş 190 manatın verilməsi üçün nəzərdə tutulan kriteriyalardan narazı qalmışdı.
Tədbirlər planında bu il pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 300 min fərdi və mikro sahibkara iş yerlərinin ixtisar edilməməsi məqsədilə maliyyə dəstəyinin göstərilməsi üçün 80 milyon manat ayrılmışdı.
Aprel-may aylarında ölkədə 50 min ictimai iş yeri yaradılması üçün 30 milyon manat ayrılmışdı, həmin iş yerləri üçün ayda 300 manat olmaqla əmək haqqı nəzərdə tutulmuşdu.
Azərbaycanda martın 24-dən tətbiq olunana karantin rejimi avqustun 1-dək uzadılıb. İyunun 21-dən iyulun 5-dək ölkənin bəzi bölgələrində ciddi karantin rejimi elan olunub.
Növbəti dəfə 190 manat yardımla bağlı qərar iyunun 23-də verilib. Həmin vaxt Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verib.
Nazirlər Kabineti açıqlayıb ki, bu gündən pandemiya ilə mübarizə şəraitində karantin rejimi tətbiq olunan şəhər və rayonlarda işsiz kimi rəsmi qeydiyyatda olan şəxslərə 190 manatlıq birdəfəlik ödəmələr iyulun 1-dək veriləcək.
“Birdəfəlik ödəmələr Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə indiyədək 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə veriləcək. Lakin indiyədək 190 manatı almış şəxslər təkrar yoxlandıqdan sonra maddi vəziyyətlərinə uyğun olaraq, onlara 190 manatın verilib-verilməməsinə qərar veriləcək,” – qərarda bildirilir.
Digər bir dəyişiklik isə işsizlikdən sığorta ödənişləri ilə bağlıdır.
“2020-ci il 1 aprel tarixindən etibarən, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi isə 2020-ci il 1 iyul tarixinədək olan müddətə davam etdiriləcək,” – qurumun qərarında deyilir.
Bundan başqa, Nazirlər Kabinetinin “Əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə” Qərarına edilən dəyişikliklə “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadılıb”.
BBC