Xaçmazda Müsavat fəalı saxlanılıb
Martın 2-də Cavid Məmməd Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə 150 manat cərimə edilərək sərbəst buraxılıb. Müsavat Partiyasının mətbuat xidməti məhkəmə qərarının əsassız olduğunu bildirib.
***
Martın 1-də axşam saatlarında Xaçmaz rayonunda Müsavat Partiyasının Şabran rayon təşkilatının fəalı Cavid Məmməd saxlanılıb. Bu haqda “Basta”ya onun yaxınları məlumat verib.
“Yol polisi yerli sakinlərdən birinin avtomolini saxlayıbmış. Cavid Məmməd öz telefonu ilə yol polisinin hərəkətlərini çəkməyə cəhd göstərib. Bunu görən polis onu dərhal saxlayıb. Hazırda Cavid Xaçmaz polis şöbəsindədir, sabah səhər məhkəməyə aparılması gözlənilirr” – deyə, mənbə bildirib.
Şabran rayon polis şöbəsi ilə əlaqə saxladıq. Növbətçi hissədən polis leytenantı Elçin Həmzəyev Cavid Məmmədin saxlandığını təsdiqlədi.
“O, polisin qanuni əmrinə tabe olmadığına görə, barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib edilib, məhkəməyə çıxarılacaq” – deyə, polis zabiti bildirib.
Basta