Heç kim qatil doğulmur

Çingiz SULTANSOY

 

Detektiv hekayə. II hissə

 

Davamı. Əvvəli burada

 

Ön cəbhədə əvvəlcə kəşfiyyatçı bölüyünün üzvü, sonra komandiri kimi dəfələrlə ölümlə üz-üzə gəlmiş Rainer ən çətin, çıxılmaz vəziyyətdən belə çıxmağı, istənilən təhlükəli durumda döyüş tapşırığını yerinə yetirərək sağ qalmağı öyrənmişdi. Kasıblamış olsa da, zadəgan ailəsində böyüyən, tələbəlik vaxtı çox da korluq çəkməyən Rainer cəbhədə günlərlə ac qalmaq, həftələrlə ən az və ən sadə yemək – soğan-çörək, kök, çuğundur, hərdən ət konservi, isti kartof və ya noxud suppesi** ilə qənaətlənməyə öyrəşmişdi, aylarla çimməmək onunçün adi bir şey olmuşdu.

 

Cəbhədən dönəndən sonra Rainer istədiyi qızın başqasına ərə getdiyini bilib böyük xəyal qırıqlığı yaşadı və daha heç kimə ürəkdən bağlanmadı. Subay qardaşı müharibədə həlak olmuş, ata-anası dünyalarıını öz əcəlləriylə dəyişmiş, yaxın qohum-əqrəbadan yalnız kiçik bacısı qalmışdı. O da zadəgan von Eberhardt nəslindən qızla evlənmək istəyən neçə varlı fermer oğlunun elçilərinə “Yox” deyib, qonşuluqda yaşayan və yeniyetmə çağlarından ona aşiq olan ortabab fermerə ərə gedəndən sonra kəndə köçmüşdü, bayramlarda və rübdə bir dəfə paytaxtda yaşayan qardaşına səliqəylə məktub yazır, təbrik və ailə xəbərlərini çatdırırdı. Yaxşı ki, bəxti gətirmişdi, mehriban  dolanırdılar, əri ailəcanlı, işlək adam idi, uşaqları nəinki bu zəmanədə aclıq çəkmir, yaxşı yaşayırdılar. Boş qalan dədə-baba mülkünü satıb, – torpaqların yarıya qədərini yeznə aldı,  – borclarını qaytarandan sonra qalanını bacısıyla bölmüşdülər, indi Berlində yaşadığı mənzili elə o pula almışdı. Bu mənzili demək olar ki, qızdırmırdı – şinelinə bürünüb, üstdən sahibi həlak olmuş başqa bir şinel də salıb səngərdə yatmağa öyrəşən adam tavanı-pəncərəsi salamat otağın qızdırılmasına  niyə pul xərcləməliydi ki?  Otaqdakı sobanı yalnız hərdənbir, ya güclü şaxtalarda, ya da bir axşamlıq ya bir gecəlik, rəqsdə tanış olduğu qızları ya da fahişələri evə gətirəndə qalayırdı. Təbii ki, Rainer dinc həyata qayıdandan sonra normal qidalanmağa, tez-tez yuyunmaq vərdişinə də qayıtmışdı, köynəkləri həmişə dümağ, şalvarı ütülü olurdu, amma səngər həyatı ona yeri gələndə ən az yemək-içmək və rahatlıqla  qənaətlənməyin mümkünlüyünü, ən çətin şəraitdə yaşamağı öyrətmişdi. Bu vərdişlər müharibədən sonra da karına gəldi.

 

Rainerin çevrəsində yalnız universitet və cəbhə dostları qalmışdı, hərdən görüşüb pivə, şnaps içir, bazar günləri cıdıra gedirdilər. İşsiz qalan dostlarını hərdən qonaq edirdi, əslində üç-dörd nəfərdən başqa hamısı işsiz idi, günü-gündən əriyən təqaüdlə necə dolandıqları bilinmirdi.

 

Bir həftə keçdi. Şirkətdə və alıcılarla görüşlərdə ötən iş saatlarında da Rainer yazı masasının siyirməsində yatan məktubları bir neçə dəfə xatırladı və daha iki gün sonra naməlum şəxsdən içində “Hans-Paul  Geiger öldü” xəbəri və iyirmi dollar olan dördüncü məktubu alanda, daha təəccüb etmədi. Zarafatın davamı? Amma artıq zarafata oxşamırdı bu, dost zarafatı ola bilməzdi, çünki çoxu işsiz olan dostları arasında hər hansı  zarafata görə iyirmi dolları məktubla göndərəcək adam çətin tapılardı. “Bəlkə varlı müştərilərdən biridir? Amma hətta varlılar da indiki zəmanədə belə zarafat eləməz”. İyirmi dollar bir ətək, yüz qırx min markaya qədər pul edirdi.

 

Almaniyanı bürüyən və dərinləşən krizis və inflasiona, işsiz qalan universitet və cəbhə dostları arasında Rainer von Eberhardt ən uğurlu, yaxşı işdə işləyən, aldığı aylığı dolanışığına çatmalı bir adam idi. Çatmalı idi, amma çatmırdı, çünki bir zəif damarı vardı – qumar, at yarışlarda oynamağı. Hələ yeniyetməykən evdə alman zadəganı üçün zəruri sayılan at minməyi incəliklərinə qədər öyrənmişdi, ona görə o vaxtlar indikindən yüz dəfələrlə populyar cıdırı, at yarışlarını kübar dairələrin gələnəkli əyləncəsi kimi sevirdi. Özəlliklə gələcək firavan və kübar həyatının əyləncəsi  kimi, xüsusilə iki-üç növünü. Ona görə hələ tələbə vaxtı hərdən Berlinin artıq o zamanlarda köhnə sayılan və məşhur  “Hoppeqarten” hipodromuna gedib cıdıra baxardı, hətta bir-iki dəfə azca pul qoyub oynamış və udmuşdu.

 

Müharibəyə qədər vaxtaşırı, mövsümdə ən çoxu bir-iki dəfə gedirdi, müharibədən sonra isə cıdıra marağı artdı və Wettbüroda*** oynamağa başladı. Wettbüro onu həvəsə saldı. Rainer  uduşlarına sevinir, uduzduğunu tez unutmağa çalışırdı. “Səhv elədim, axırıncı iki əl oynayıb uduzmayaydım gərək”.

 

Onu anlamaq olardı – müharibə veteranları səngərdən sonra dinc həyata çox çətinliklə qayıdır, uyğunlaşıb uyuşa bilmirdilər. Bir hissəsi lül-qəmbər olanacan içir, dava-dalaş salır, arvadlarını ya qonşularını döyür, bir hissəsi nəşə və həşiş çəkir, morfi vurur, kokain iyləyir, digər hissəsi qanunsuz gizli kazinolarda kart və roulette**** oynayır, var-yoxunu uduzur, digərləri hətta quldurluq edir, bəziləri rastına çıxanı ya özlərini öldürür, başqa bir hissəsi dinib danışımır, özlərinə qapanıb küçəyə belə çıxmır, günlərini yataqda keçirərək sönüb gedirdilər. Qəzetlər hər gün cinayətlərdən, kriminal olaylardan və intiharlardan yazırdı, krimpo – kriminal polis caniləri tutub qurtara bilmirdi, elə artmışdılar ki çatdırmaq olmurdu.

 

O vaxtlar hələ nəinki psixoloji reabilitasion xidməti yox idi, müharibə sindromu veteranlar arasında geniş yayılsa da, heç “müharibə sindromu” anlayışı yox idi, hələ otuz-qırx il sonra yaranacaqdı. Özünə ya başqasına qəsd edən başqa veteranlara baxanda Rainer von Eberhardt şükürlü idi – cüssəli, bir yumruqla adamı yerə sərəcək gücü olsa da, heç kimə dəyib-dolaşmırdı, kokain iyləmirdi, yalnız Wettbüroda oynayırdı, qalib gələcək atı tapanda udurdu, tapmayanda uduzurdu. Hamısı da təmkinlə, ağayana.

 

Bu şakərin tədricən ehtirasa necə çevrildiyindən özünün də xəbəri olmadı. Elə bu get-gedə çılğınlaşan ehtirasına görə babat maaşına baxmayaraq, həmişə puldan korluq çəkirdi, çünki hamını sıxan inflasion çətinlikləri öz yerində, qazancını oyuna xərcləyirdi. Pul əldə eləmək üçün işlədiyi şirkəti, sahibkarı aldatmaq, nəsə əyri bir haqq-hesab eləmək, özünün olmadığına əl uzatmaq və başqa bu kimi şeylər ağlına belə  gəlmirdi – həm tərbiyəsinə, ailəsinin şərəfinə, zabit adına görə, həm də belə fırıldağın gec-tez üstü açılacağını və işini itirəcəyini anladığına görə.

 

Zərflərin üzərində göndərənin ünvanı, adı-soyadı yazılmışdı, məktubu poçtla və ya kuryer vasitəsilə geri göndərmək olardı. Amma otuz dollar o vaxt böyük məbləğ olduğu səbəbindən onu poçta-kuryerə etibar eləmək istəmədi.  Məktubları, pulu  götürüb göstərilən ünvana yollandı.  Ən kasıblar yaşayan böyük, çoxdan təmir görməyən bina… Burada yaşayanları bir xeyli sorğu-sual edəndən sonra məktub göndərən adda adam tapmaq mümkün olmadığını anladı. Demək, zərfin üstündə yazılan ad-soyad izi itirmək üçün idi…   Neyləməli?

 

Bir daha bu məktubun kiminsə zarafatı olduğunu düşünüb işə qayıdanda  məktubları həmin qovluğa qoydu və işinə-gücünə qayıtdı.

 

Bu arada Eberhardtın bir borcunu ödəmək vaxtı yaxınlaşırdı, ödəməyə isə pulu yox idi. Tərs kimi bu arada əli gətirməmiş, Wettbüroda dalbadal möhkəm uduzmuşdu, əlində olanı verib qismən ödəsəydi  maaş alana kimi çatdırmayacaqdı.  Əlbəttə, kreditordan möhlət istəyib ödənişi ertələmək olardı, amma bu öz nüfuzu üçün heç də yaxşı bir əməl deyildi. Başqa adamdan yeni borc alıb, köhnə borcu qaytarmaq da olardı, əvvəllər dəfələrlə belə eləmişdi, amma bu dəfə ehtiyat edirdi. İnflasionun sürəti artmışdı, marka daha böyük təcillə  düşürdü, ölkənin maliyyə sistemi və iqtisadiyyatı həmin təcillə uçuruma doğru gedirdi və bu işlərin nə ilə qurtaracağıını heç kim bilmirdi. Məhz bu səbəbə görə daha borc alıb  borcu qaytarmaq istəmirdi. Həm də gec-tez onsuz da ödəməliydi, daha ağır şərtlərlə. Qovluqda yatıb bu məktub-pul zarafatının sonunu, üstünün açılmasını və qaytarılmasını gözləyən on və iyirmi, toplam otuz dollar yadına düşdü. Amma bu pullar onun deyildi axı? Pulu götürüb xəcləyəndən sonra zarafatın anonim müəllifi ortaya çıxsa və söhbəti açıb pulunu geri istəsəydi ona nə cavab verəcəkdi? “- Sizin/sənin pulunu qaytara bilməyəcəm. – Niyə? – Xərcləmişəm, özümdə isə yoxdur…” söhbətini, ya da zarafata salıb “Sən/siz pulu göndərəndə qaytaracağımı şərt qoymuşdunuz?” deməklə başından eləməyi bir zabit kimi özü üçün əskiklik sayırdı. Əslində borcu qaytarmaqçün heç otuz yox, on doqquz dollar kifayət edirdi,  amma nə fərqi? Vaxt sürətlə yaxınlaşırdı, sabahısı günü borcu ödəməliydi və “İndi iyirmisini götürüb borcumu nağd qaytarım, sabahısını sonra fikirləşərəm. Bir müddət oynamaram, maaşımdan  qırağa ataram, ya da oynayıb udaram. Sonra da nə ola, ola!” fikirləriylə qərar verdi və gecəni rahat yatandan sonra səhərisi borcunu qaytardı. İndi növbəti məktubu yox, anomim müəllifin qəfildən peyda olub pulunu geri tələb edəcəyini təşvişlə gözləyirdi.

 

Davamı var

 

 

QEYDLƏR:

 

** suppe – rus dilindən dilimizə keçən və azərbaycan dilindəki “şorba” sözünə uyğun olan “sup” sözü alman dilindəki “suppe” sözündən götürülüb.

 

*** Wettbüro – totalizator

 

**** roulette – rus dilindən dilimizə keçən “ruletka”  sözü fransız dilindəki “roulette” sözündən götürülüb, populyar qumar oyunlarından birini bildirir, alman dilində bu formada işlədilir.