Neftin qiyməti 111 dollara çatdı
Rusiya-Ukrayna müharibəsinin təsirilə bahalaşan neft qiymətlərindəki “ralli” davam edir. Brent markalı neftin qiyməti 2014-cü ilin avqustundan bəri ilk dəfə olaraq 111 dolları keçib. Beynəlxalq Enerji Agentliyindən vəziyyətin ciddi olduğu barədə məlumat verilib.
Rusiyanın Ukraynaya müdaxiləsi və sonra elan edilən sanksiyalar ilə əlaqədar olaraq Brent nefti 110 dolları, ABŞ xam nefti 108 dolları keçib. Brent nefti 12%-dən çox, ABŞ xam nefti isə 13%-dən çox bahalaşıb. Brent neftinin qiyməti 111,06 dolları da test edib.
Marja xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (UEA) Rusiyanın Ukraynaya hücumundan sonra qlobal enerji bazarının təhlükə altında olduğunu bəyan edib.
UEA prezidenti Fatih Birol enerji bazarlarında vəziyyətin ciddi olduğunu bəyan edib.
Neft bazarının investorları bugün keçiriləcək OPEC+ görüşünə fokuslanıblar. Bazardakı bütün təlatümlərə baxmayaraq, OPEC+un istehsalın məhdud artırılmasına qərar verəcəyi gözlənilir.
Ağ Evin sözçüsü Cen Psaki ABŞ-ın strateji neft ehtiyatının 30 milyon barrelinin, Beynəlxalq Enerji Agentliyinin (IEA) 60 milyon barrel neft satmaq qərarına əsasən istifadəyə veriləcəyini bildirib.