ManşetSiyasət

Müsavat Divanının gündəliyi

Noyabrın 16-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Əvvəlcə İsmayıllı rayon təşkilatının hesabat-seçki yığıncağı və
partiyanın bir sıra digər rayon təşkilatlarında keçirilən iclaslar barədə məlumat dinlənilib. Müsavat Məclisinin sədri Arif Hacılının Şəkı, Zaqatala və Qax rayon təşkilatlarının rəhbərliyi ilə toplantı keçirdiyi bildirilib.

Siyasi məhbusların vəziyyəti barədə məlumat dinlənilib.  İctimai fəal Elgiz Qəhrəmanın əsassız olaraq  9 il müddətinə azadlıqdan məhrum edildiyi qeyd olunub.

Uydurma ittihamlar ilə həbs edilən Müsavat Partiyasının üzvü Tofiq Yaqublu cəzaçəkmə müəssisəsində qanunsuz məhdudiyyətlərlə üzləşib.  Jurnalist Aynur Elgünəş ağır cərrahiyyə əməliyyatından dərhal sonra həbsxanaya qaytarılıb. Jurnalist Şəmşad Ağanın cərrahiyyə əməliyyatına ehtiyacı etiraf edilsə, ona bildirilib ki,  əməliyyatın xərcini onun yaxınları ödəməlidir.

Müsavat Partiyası bütün bunları ölkədə siyasi məhbuslara təzyiqin gücləndirilməsi kimi qiymətləndirir. Xüsusilə səhhətində ağır problemlər olan məhbuslara qarşı qanunsuz məhdudiyyətlər yolverilməzdir. 

Müsavat Partiyası siyasi məhbusların dərhal azad olunmasını və repressiyalara son qoyulmasını bir daha tələb edir. 

Zəfər Günü ilə bağlı bəzi rayonlarda şəhid ailələrinə və qazilərə icra hakimiyyətləri tərəfindən maddi yardım edilərkən ayrı-seçkiliyə yol verilməsi haqda məlumatlardan narahatlıq ifadə edilib. 

Dünyada və regionda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.