Müsavat başqanı: “Azərbaycan Avropa İttifaqına üzvlük barədə müraciət etməlidir”
Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq müqaviləsini imzalamalı, bu quruma üzvlük barədə müraciət etməlidir.
Bir neçə ildir ki, GUAM birliyinin fəaliyyətinin canlandırılması, bu birliyin Türkiyənin də iştirakı ilə daha da gücləndirilməsinin zəruriliyi barədə təkliflər veririk.
Müsavat Partiyası olaraq bu ölkələrdə olan siyasi qurumlarla yeni münasibətlər qurur, mövcud əlaqələri genişləndirməyə çalışırıq.
Hökumət isə sükunət içindədir.
Halbuki GUAM birliyinin təhlükəsizlik sistemimizdə rolu 2007-ci ildə qəbul olunmuş və İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası” sənədində xüsusi yer verilir.
“Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın üzv olduğu “Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM” 1997-ci ildə yaradılmış, 2006-cı ildə isə beynəlxalq regional təşkilata çevrilmişdir. GUAM demokratiya, inkişaf və təhlükəsizlik sahələrində ümumi maraqlar əsasında tərəfdaş dövlətləri birləşdirir.
Azərbaycan Respublikası GUAM-ın üzvü olan dövlətlər üçün əhəmiyyət kəsb edən məsələlərdə, əsasən, ərazilərində mövcud münaqişələrin həll edilməsi və təcavüzkar separatizmlə mübarizə istiqamətində onların səylərinin birləşdirilməsi və vahid mövqedən çıxış edilməsinə xüsusi önəm verir.”
Bu təhlükəsizliyimizə dair əsas dövlət sənədimizdə GUAM birliyi barədə deyilənlərin yalnız bir hissəsidir.
Biz hakimiyyətdən qəbul edib imzaladıqları rəsmi dövlət sənədlərində əks olunanlara əməl etmələrini tələb edirik.
İndi GUAM birliyinə daxil olan Ukrayna, Gürcüstan və
Moldova bir-birinin ardınca Avropa Birliyinə üzv olmaq barədə müraciət edib.
Yenə yalnız Azərbaycan bu prosesdən kənardadır.
Bu halda Qarabağ problemi də susqunluq və tərəddüd üçün əsas ola bilməz.
Çünki, Ukrayna, Gürcüstan və Moldova da uzun illərdir ki, Rusiyanın yaratdığı, mahiyyətcə eyni problemlərin cəngindədir.
Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.