Müsavat başqanı: “Fəaliyyətimizi Rusiyanın yanında yox, önündə olanlarla uzlaşdırmalıyıq”
Rusiya Müdafiə Nazirliyinın rəsmi saytındakı Ukraynaya humanitar yardım göndərilməsi barədə açıqlamada “Dağlıq Qarabağ” ifadəsi işlənib.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial media hesabında birdən-birə Türkmənçay Müqaviləsi xatıtlanmış, bəzi ərazilərimizin o zaman guya “Şərqi Ermənistan”a aid olduğu bəyan edilmişdi.
Azərbaycanla Rusiya arasında Moskva müqaviləsi imzalanandan dərhal sonra qısa müddətdə baş verən bu hadisələr təsadüfdürmü?
***
Putin Rusiyanın tarixi barədə danışarkən əslində gələcək planları, hərbi strategiyası barədə anons verir.
Hədəflərini açıqlayır.
“Ukrayna adlı dövlət yox idi, bu dövləti Rusiya, Lenin yaradıb” deyir.
Ən azı 1918-ci ildə Rusiya İmperiyasından qoparaq qurulan dövlətlər arasında Ukraya, Gürcüstan, Azərbaycan dövlətləri var idi.
Əgər Putin Ukrayna dövlətini yox hesab edirsə, deməli bütün postsovet məkanı dövlətlərini (o cümlədən Azərbaycanı) yox hesab edir. Bu dövlətlərin Lenin tərəfindən, süni surətdə, Rusiya əraziləri hesabına yarandığı qənaətindədir.
Putin hətta siyasi kumiri olan Stalin haqqında danışarkən deyir ki, o Rusiyanın ərazilərini genişləndirdi, amma sovet imperiyası xalqlarının adına müttəfiq respublikaları ləğv etmədi. Bununla həmin respublikaların gələcəkdə Rusiyadan ayrılmasının qarşısını almadı.
SSRİ-nin dağılmasını XX əsrin böyük fəlakəti adlandıran Putin sovet imperiyasını yeni keyfiyyətdə, vahid Rusiya dövləti kimi bərpa etmək niyyətini gizlətmir.
Elə bir imperiya ki, orada nə Ukrayna, nə Azərbaycan, nə də digər postsovet ölkələri olacaq.
Putin bu planını həyata keçirməyə Ukraynadan başladı, qalib gəlsə növbəti hədəflərdən biri Azərbaycandır…
***
Rusiyanın əsas nazirliklərinin açıqlamalarında Azərbaycana qarşı qeydləri də təsadüf kimi yox, ölkəmizə qarşı hədə, xəbərdarlıq kimi qəbul etməliyik.
Bu bir daha təsdiq edir ki, Azərbaycan Rusiyanın yanında olmaqla öz müstəqilliyini qoruya və təhlükəsizliyini təmin edə bilməz.
Rusiya ilə hər hansı centlmen razılaşmaları, müqavilələr, rəsmi və qeyri-rəsmi hədiyyələr vasitəsi ilə dost olmaq mümkün deyil.
Ona görə də bu gün Putinin marazmatik planlarına qarşı yalnız özü üçün yox, həm də bütün dünya üçün vuruşan ukraynalılara daha ciddi dəstək verməli, fəaliyyətimizi Rusiyanın yanında yox, önündə olanlarla uzlaşdırmalıyıq.
Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.
Basta