Aleksey Arestoviç: “Ukraynadakı rus ordusunun sonu çatıb”
Aleksey Arestoviç, Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri
Düzünü desəm, mən bir hərbçi kimi Ukraynada rus ordusu üçün heç bir seçim görmürəm.
Onlar hələ də əmrlərin ətaləti ilə hərəkət edirlər, lakin yalnız tam axmaqlar 500 km məsafədə yerləşən dörd böyük şəhər aqlomerasiyasını (Kiyev, Xarkov, Mariupol, Nikolaev) 200 min qoşunla eyni vaxtda mühasirəyə almağa cəhd edə bilərlər.
Onlar hələ də ehtiyatda olan əsgərləri çağırmağa və onları döyüş təlimi keçmədən (vaxt yoxdur) köhnə texnika ilə bura atmağa çalışacaqlar – bu isə bizim süngülər üçün sürtkü yağı olacaq.
Bundan başqa “Kiyevə hücum”, Xarkov və Sumını ayırmaq, Nikolayevi mühasirəyə almaq cəhdi də olacaq, amma bütün bunlar ətalətdir.
Onlar qorxaq – sözün ən pis mənasında qorxaq olmasaydılar, indi Rusiya Federasiyasında bir general tapılardı ki, ayağa qalxıb həqiqəti Putinə söyləsin.
Desin ki:
– Tarlalarda demək olar ki, tamamilə yoxa çıxmış Napoleon ordusuna çevrilməmək üçün yeganə şansımız Nikolaevdən dərhal geri çəkilmək, Dneprin bu tayında Enerqodara qədər mövqe tutmağa çalışmaqdır.
– Qoşunları Kiyev yaxınlığından Çerniqov və Sumı istiqamətinə aparmaq, Xarkovun aşağısından – geriyə, sərhədə doğru çəkilməkdir.
– “OOS” zonasında müdafiəyə keçməkdir.
– Tutulan ərazilərlə bazarlıq etmək, Ukraynadan ən azı sifəti itirmədən çıxmaq üçün bir yol axtarmaqdır.
——
Amma problem ondadır ki, bu seçim də onlara kömək etməyəcək.
Birincisi, belə bir general yoxdur. Bunun üçün kişilik tələb olunur, hansını ki, Rusiya hərbçiləri çoxdan itiriblər.
İkincisi, o botokslu xəstə qoca, özünü bunkerə bağlayıb və daha heç kimə qulaq asmır. O, ilk növbədə, rus xalqı üçün zərbə olan əməlinin ağırlığı altında getdikcə daha çox əyilməkdədir.
Üçüncüsü, bizim torpağımızın özü belə onları çilik-çilik edəcək, udacaq və əridəcək. Partizanlar və könüllülər, xüsusi təyinatlılar və piyadalar, aviasiya və desant, artilleriya və raket qoşunları müdafiəyə keçənlərin və çıxmağa çalışanların da axırına çıxacaq.
Rus qoşunları artıq ətalətlə hərəkət edir, onlar artıq öldüklərini hələ dərk etməyiblər.
Anlamayıblar ki, onları burulğanlara salıb və azdırıblar…
Torpağın özü belə onlara qarşı üsyan edib və bütün ehtimal nəzəriyyələri də onlardan üz döndərib.
Ukraynadakı rus ordusunun sonu çatıb.
Övladlarını qoyub döyüşə gedən və qayıdanda onları sağ tapıb-tapmayacağına əmin olmayan atalar onları bağışlamayacaqlar.
Bağışlamayacaqlar və buraxmayacaqlar.
Burada ölülər ordusunu şərəfli heç-heçə yox, xal üstünlüyü ilə bir raund də yox, natural bir hərbi məğlubiyyət gözləyir.
Bu axmaqlar güc göstərib, mümkün qədər çox şey qamarlamağa çalışırdılar.
Nəticədə – nə əlində olanı saxlaya bilirlər, nə də irəli gedə.
Krımda qəfildən mənzillərin satışına start verildiyindən xəbəriniz varmı?
Bilirsizmi ki, FSB zabitlərinin ailələrini təcili olaraq Krımdan çıxarıblar?..
Bu, onların sonudur. Qorxulu, dəhşətli, rüsvayçı bir sonluq. Tarixin özünü titrədəcək bir sonluq.
Və bu, imansız, qanlı, qeyri-insani rejimin təbii finalı olacaq.
Xeyr, biz hələ bir müddət də döyüşməli olacayıq. Və hələ bir müddət də qorxu yaşanacaq, hələ onlar bur az da irəliləyəcəklər, Kiyev üçün təhlükə yaradacaqlar, daha çox hava və raket zərbələri endirəcəklər və bizim itkilərimiz də hələ olacaq.
Ancaq bütün bu zombi hücumu, ölülər ordusunun əyalətindən başqa bir şey deyil.
Biz sağıq. Və dirilər uğrunda mübarizə aparırıq. Həyat uğrunda mübarizə.
Ölülər ordusunun və Koşeyin sonuna az qalıb.
Onların məğlubiyyətinin tumurcuqları artıq cücərib.
Bu tumurcuqlar bizim quracağımız yeni dünyanın günəşi ilə böyüyəcək. Özünü imperiya kimi təsəvvür edən qəddar, qeyri-insani bataqlığın minillik üfunətinə əbədi olaraq son qoyulacaq.
– Hər şey Ukrayna olacaq.
Yazı Aleksey Arestoviçin feysbuk səhifəsindən götürülüb.
Tərcümə: Mustafa Hacıbəyli
Basta