Putnin dəhşətli səhvi
Dadaş Əhmədli, politoloq
On yaşlı məktəbli də bunu etməzdi
Hətta ən yaxşı analitiklər, siyasətçilər, hüquqşünas və psixoloqlar da Putinin nə üçün ölkəni bu vəziyyətə gətirməsinin gerçək səbəbini müəyyənləşdirməkdə çətinlik çəkirlər.
Doğrudan da, düşündürücüdür. Necə olur ki, əksər siyasi müşahidəçilər tərəfindən yüksək səviyyəli strateq kimi qiymətləndirilən Rusiya prezidenti baş verə biləcək hadisələri düzgün qiymətləndirə bilmir, ölkənin hərbi imkanlarını, iqtisadi qabiliyyətini, mümkün sanksiyaları və s. bu kimi zəruri amilləri nəzərdən qaçırır? Bu suala cavab axtararkən qəribə bir məlumat diqqətimi cəlb etdi: İnformasiya çatışmazlığı, yaxud İnformasiya blokadası. Çoxlarına qəribə gələ bilər ki, dünya liderliyinə can atan, əlində hər cür kəşfiyyat şəbəkəsinə malik olan bir şəxs necə ola bilər ki, informasiya çatışmazlığı ilə üzləşmiş olsun. Amma bu, doğrudan da belədir. İlk olaraq informasiyanın nə olduğuna diqqət edək.
Beləliklə, “İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir”. Bu tərifdən də göründüyü kimi informasiya həm biliklər, həm də məlumatlardır. Biliklər bir qayda olaraq insanın uzun illər ərzində təhsil və s. bu kimi tədbirlər nəticəsində əldə etmiş olduğu savaddırsa, məlumat daha çox gündəlik hadisələr barədə əldə etdiyi xəbərlər, yeniliklərdir. İnsanın təhsil müəssisəsində almış olduğu biliklər daim yenilənmirsə, bir müddət sonra öz əhəmiyyətini itirmiş olur. Ona görə də insanın daim öz biliklərini yeniləməsinə, gündəlik məlumatlarla biliklərini zənginləşdirməsinə ehtiyac duyulur. Belə olmadıqca, kimliyindən, hansı biliklərə malik olmasından, hansı vəzifəni tutmasında asılı olmayaraq, isənilən şəxs bir müddət sonra geriyə getməyə məhkumdur.
Bir neçə il öncə bir məktəblinin Rusiya prezidenti Vladimir Putinlə olan mükaliməsi Kreml rəhbərinin müasir texnologiyalardan, informasiya resurslarından nə qədər məlumatsız olduğunu sərgiləmişdi. 10 yaşlı Yeqor Maksimoviç Sotniç beşinci sinifdə oxuyur, idmanla, jurnalistika ilə və müxtəlif sosial şəbəkələrdə bloqlarla fəal məşğul olur. Həmin gün məktəblilərlə prezident arasında söhbət zamanı uşaq Putinə Baykal gölündəki müalicə müəssisələri ilə bağlı sual verdi və dövlət başçısından onun YouTube kanalına abunə olmasını xahiş etdi. (Bu arada qeyd edim ki, rus dilində “abunə olmaq” və “imza qoymaq” sözləri hər ikisi “подписаться” feli ilə ifadə olunur. Ona görə də Prezident təhlükənin nə olduğunu dərhal anlamadı, nəyi imzalamaq lazım olduğunu yenidən soruşdu.) Yalnız ona nəyisə imzalamaq deyil, səhifəyə abunə olmaq lazım gəldiyini izah etdikdən sonra “bu barədə düşünəcəyinə” söz verdi.
Bu görüşdən bir müddət sonra Yeqor abunəçiləri ilə maraqlanan jurnalistə bildirib ki, Vladimir Putinlə əlaqə saxladıqdan sonra onun kanalındakı abunəçilərin sayı 4 dəfə artıb. Amma bu işin prezident tərəfindən edildiyinə şübhəsini də gizlətməyib: “Görüşdən təəssürat yaxşıdır. Düşünürəm ki, onun ətrafından kimsə abunəyə imza atıb, qızı və ya həmkarı”. Bu fikri “Podyom” nəşrinə məlumat verən prezidentin mətbuat katibi Dmitri Peskovun sözləri də təsdiqləyir: “Bununla bağlı müəyyən problem var. Fakt budur ki, prezident Putinin, bildiyiniz kimi, sosial şəbəkələri yoxdur, amma biz mütləq bu uşağın YouTube kanalını necə dəstəkləyəcəyimizi düşünəcəyik”.
Bütün bu hadisələr göstərir ki, prezident Putin müasir texnologiyalar barədə yetərli bilik və bacarıqlara malik deyil və nə qədər qəribə səslənsə də, onun alternativ informasiyaya çıxış imkanları məhduddur. Təbii ki, fikir yarana bilər ki, hər cür kəşfiyyat məlumatlarına malik olan şəxs üçün alternativ informasiyanın nə əhəmiyyəti var. Əlbəttə, var, özü də çox böyük ehtiyac var. Məsələ ondadır ki, avtoritar idarəetmədə rəhbər şəxsə, reallıqlarla bağlı obyektiv informasiya deyil, onun özünün görmək istədiyi mənzərəni əks etdirən təhrif olunmuş məlumatlar təqdim edilir. Bu, həm iqtisadi, həm siyasi, həm hərbi və s. sahələrlə bağlı verilən məlumatlardır. Təbii ki, prezident Putin kütləvi informasiya vasitələrini də izləyir. Amma bəla burasındadır ki, onlar da yalan püskürməkdədirlər. Putinin son konsert zamanı stadionda etdiyi çıxışı siyasi müşahidəçilərin fikrincə sadə, lakin vacib bir şeyi göstərdi: Putin ölkədə və dünyada baş verənlər barədə məlumatı Skabeeva, Solovyov və Kiselyovun verilişlərinə baxaraq əldə edir. Nə qədər acı olsa da, reallıq belədir. Əgər Vladimir Putin bir qədər müasir texnologiyalar barədə məlumatlı olsa və onlardan doğru-düzgün yararlanmış olsaydı, onda belə taleyüklü qərarın verilməsində səhvə yol verməzdi. Cünki qərarın verilməsi üçün ən vacib şey informasiyadır – operativ, dəqiq, obyektiv informasiya. İndi onun səhv qərarı nəinki özünə, hətta ölkəsinin taleyinə və tarixinə də görünməmiş zərbə vurmuş oldu.
Basta