Krım məsələsi yenidən gündəmdə – soydaşımız Kiyevdən yazır
40 günə yaxındır savaşın içindəyik və ailəmlə birlikdə Kiyevi tərk etməmək də doğru qərar verdiyim qənaətindəyəm. Çünki bütün risklərə rəğmən, böyük bir tarixi prosesə şahidlik edirik. Və nəhayət dünən gecədən Ukrayna dövləti artıq Belarus sərhəddində öz sərhəd bütünlüyünü təmin etdi. Bu bir aydan çoxdur davam edən qanlı savaşda kifayət qədər ciddi uğurdur.
Çünki dostlar, bu gün dünyada baş verməkdə olan geosiyasi dəyişiklərin əsas meydanı Ukrayna torpağıdır. Yəni, yeni dünya düzəninin təməli məhz Ukraynada qoyulur. Həm də həm hərb meydanında deyil, həm də diplomatiya sahəsində savaş gedir. Danışıqlar aparılır, nümayəndə heyətləri görüşür.
Ukrayna həm də diplomatiya cəbhəsində savaşır. Bu cəbhənin əsas sərkərdələrindən biri dostumuz, Krim türklərinin tanınmış simalarından olan Rüstəm Umerovdur (Krım tatarlarının lideri Mustafa Cəmiloğlunun müşaviri, Ukrayna radasının üzvü, Avropa Şurasında Ukrayna heyətinin təmsilçisi).
Rüstəm Umerov Istanbul görüşünün əsas təşkilatçı və aparıcılarından biri idi. Eyni zamanda Rüstəm bəy həm də obyektiv analiz etmə qabiliyyətinə malikdir. Çevik və realist siyasətçidir. Cəmiyyətin müxtəlif təbəqələrindən olan qruplarla, müxtəlif millətlərdən formalaşmış icmalarla, xususilə Krım tatarları və biz azərbaycanlılarla davamlı əlaqə saxlayan, bizləri maraqlandıran suallara cavab verə biləcək peşəkar diplomatdır. Həm də bizim təmsilçimiz sayıla bilər. Siyasi proseslər barədə onun rəy və fikirləri yerində və dolğun olur.
Onun təhlillərinə diqqət yetirəndə məlum olur ki, Rusiya numayəndə heyətinin üzvləri rasional düsünmə qabiliyyətindən mərhrumdurlar. Bu şəxslər Putin propoqandasının qurbanlarına çevrilmiş zombi qrupu kimi fəaliyyət göstərirlər. Onlar dövlətlərinin etdiyi ağır müharibə cinayətlərinə haqq qazandırmağa calışırlar. Lakin Ukrayna xalqının dirənişi bəhrəsini verir. Bu günə qədər Rusiya tərəfindən hətta müzakirə mövzusu kimi qəbul edilməyən Krım məsələsi belə, artıq danışıqların əsas elementini təşkil edir. Danışıqların bu mərhələsinin əsas müsbət nəticələrindən biri də məhz budur.
Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!
Yaşasın Krım tatar xalqı!
Yalçın Qəhrəmanoğlu
Kiyev, 04.04.2022