Gecə klubunda baş vermiş partlayışın qurbanlarının sayı iki nəfərə çatıb

Aprelin 3-də Bakıda gecə klubunda qaz partlayışı nəticəsində həlak olanların sayı iki nəfərə çatıb.

 

Yanğın zamanı xəsarət alan 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva aprelin 6-da xəstəxanada dünyasını dəyişib, bu barədə TƏBİB-dən (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) bildiriblər.

 

TƏBİB-dən verilən məlumata görə, F.Eynullayeva 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan ağır xəstələrdən biri idi.

 

Hazırda tibb müəssisələrində ümumilikdə 12 nəfər müalicə alır. Onlardan 9-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir. TƏBİB-in tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər özəl xəstəxanalardan birinə köçürülüb.

 

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 4 nəfərdən 1-nin vəziyyəti kritik ağırdır.

 

Xatırladaq ki, Bakıda gecə klubunda qaz partlayışı nəticəsində klubun əməkdaşı Maya Axundova həlak olub, daha 37 nəfər xəsarət alıb.

 

Faktla bağlı yanğın təhlükəsizliyi normalarının pozulması və səhlənkarlıq haqqında cinayət işi açılıb. Üç nəfər, o cümlədən Dövlət Yanğından Mühafizə Xidmətinin müfəttişi həbs edilib.