Yaponiya Rusiyanın işğal etdiyi Kuril adalarını geri istəyir
Rusiyanın Ukrayna ilə müharibədə zəifləməsi Kreml ilə haqq-hesab çəkmək istəyən dövlətləri hərəkətə gətirib. Ötən ay Moldova hökuməti “Dnestryanı” ərazilərin ona məxsus olduğu və Rusiyanın təhriki ilə ölkənin ərazi bütövlüyünə qəsd olunduğunu bəyan etmişdi. İndi isə Yaponiya Rusiyanın işğal etdiyi Kuril adalarını geri istəyir.
Yaponiya Xarici İşlər Nazirliyi diplomatiyaya həsr olunmuş “Mavi kitab” adlı illik hesabatını dərc edib. Bu hesabatda Cənubi Kuril adalarının Rusiya tərəfindən qeyri-qanuni işğal edildiyi qeyd edilib.
Yaponiya 2003-cü ildən bəri ilk dəfə belə bir bəyanatla çıxış edib. Hesabat hökumətə təqdim edilib.
Qeyd edək ki, II Dünya müharibəsi başlayarkən, birlikdə müharibəyə girmək istəməyən tərəflər – Rusiya və Yaponiya 1941-ci ildə bitərəflik haqqında saziş imzalayırlar. Lakin 1945-ci ildə ABŞ-ın əvvəlcə Xirosima, daha sonra isə Naqasakiyə atom bombası atmasından sonra Rusiya bitərəflik haqqında sazişi pozaraq Yaponiyaya qarşı müharibəyə elan edir. Məğlub olacağını anlayan Yaponiya Potsdam bəyannaməsini imzalayaraq müttəfiq qüvvələrə təslim olur. Bundan sonra SSRİ ən böyükləri – Xabomay, Şikotan, Etorofu və Kunaşir olan adalardan ibarət adalar qrupu – Kurili ələ keçirir. Bu hadisələrin baş verməsindən günümüzə qədər olan dövrdə tam həll olunmayan bu məsələ İkinci dünya müharibəsindən sonra Yaponiya və Rusiya arasında razılaşma olmasına maneçilik törətmişdir.