Laçın şəhəri iyulda Azərbaycana təhvil veriləcək

Ermənistanı Qarabağla birləşdirəcək yeni yol bu ilin iyulunda təhvil veriləcək. Eyni zamanda, Rusiya sülhməramlıları Laçın şəhərini və Zabux kəndini Azərbaycana təhvil verəcəklər, özləri isə yeni yolu mühafizə altına alacaqlar.

 

Yeni yol Ermənistan ərazisindəki Tex kəndindən başlayır və Zabux kəndindən və Laçın şəhərindən yan keçir. Yolun ümumi uzunluğu 32 km-dir. Hərəkət hissəsinin eni yeddi metr, yol yatağının eni isə 12 metrdir, bu barədə ölkənin Dövlət Avtomobil Yolları Agentliyi bildirib.

 

Yolun 22-ci kilometrində Həkəri çayı üzərindən 140 metrə yaxın uzunluğu olan körpü tikilir.

 

Ermənistan KİV-lərinin məlumatına görə, yeni yol təhvil verildikdən sonra Laçın rayonunun altı kəndi, o cümlədən şəhər özü Azərbaycanın nəzarəti altına qaytarılacaq. Ermənistan ərazisində yeni yol Tex kəndindən başlayacaq və hazırki yolun aşağısından keçəcək.

 

Ermənistan KİV-ləri həmçinin iddia edirlər ki, Azərbaycan ərazisinə girişdə nəzarət-buraxılış məntəqəsi və Gömrük Məntəqəsi tikilir.

 

Xatırladaq ki, bir müddət əvvəl rəsmi Bakı Ermənistandan Qarabağa gedən yolun statusunun Ermənistanın Sünik vilayətindən keçərək Naxçıvana gedən yolun (Zəngəzur dəhlizi) statusu ilə eyni olacağını bildirib. Ermənistan tərəfi bu dəhlizdən insanların və nəqliyyatın sərbəst hərəkətinə icazə verməkdən imtina edib, orada Ermənistan qanunlarının, o cümlədən sərhəd xidmətinin və gömrüyünün işləyəcəyini bəyan edib.

 

Buna cavab olaraq Bakı Ermənistandan Qarabağa gedən yolda da eyni rejimin yaradılacağını bildirib.

 

 

 

Turan