Rusiyanın hazırladığı koronavirus peyvəndi əsas sınaqdan keçirilməyib
Avqustun 11-də Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatdan keçdiyi elan olunub. Rusiya Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin hazırladığı bu peyvəndin yüzdən az könüllü üzərində sınaqdan keçdiyi, bu səbəbdən təhlükəsizliyinə təminat olmadığı bildirilir.
Kliniki Tətqiqatlar üzrə Təşkilatlar Asossiasiyası (KTTA) ötən gün Rusiya Səhiyyə Nazirliyinə müraciət edərək, yeni peyvənd üçüncü sınaqdan keçənədək, onun qeydiyyatını təxirə salmağa çağırmışdı.
Lakin avqustun 11-də prezident Vladimir Putin Rusiyanın dünyada birinci olaraq koronavirus peyvəndinin hazırlanmasını başa çatdırdığını bəyan etdi.
KTTA-nın çağırışında bildirilir ki, peyvənd məhz 3-cü əsas mərhələdə minlərlə insanın üzərində sınaqdan keçirildikdən və onun müxtəlif xəstəliklərin daşıyıcılarına təsiri araşdırıldıqdan sonra, onun təhlükəsizliyinə təminat vermək olar.
Hazırda ABŞ və Böyük Britaniyada koronavurusa qarşı peyvəndin 3-cü mərhələdə sınağı həyata keçirilir.
“ABŞ peyvəndin hazırlanması başa çatdığını elan edən ilk ölkə olmaqdan daha çox, COVID-19 koronavirusuna qarşı effektiv və təhlükəsiz bir peyvənd hazırlamağa çalışır. Əsas odur ki, Amerika xalqı və bütün dünyada insanlar üçün təsirli və təhlükəsiz bir peyvənd olsun”, – deyə ABŞ səhiyyə naziri Aleks Azar rus peyvəndi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
O, müəyyən bir peyvəndin təhlükəsizliyi və effektivliyi haqqında danışmadan əvvəl, dərmanların klinik sınaqlarının üçüncü mərhələsi haqda “şəffaf məlumatlara” ehtiyac duyulduğunu qeyd edib.
Basta