Lavrovun yəhudilər haqda açıqlaması İsraildə hiddət doğurdu

Sergey Lavrovun yəhudilər haqqında söylədiyi sözlərdən sonra Rusiyanın İsraildəki səfiri izahat vermək üçün İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə “Kan 11” məlumat yayıb.

 

Qeyd edək ki, Lavrov İtaliyanın “Mediaset” telekanalına geniş müsahibə verib. Jurnalist ondan Ukraynanın “nasifikasiyası” ittihamlarının prezident Vladimir Zelenskinin yəhudi olması faktına nə dərəcədə uyğun gəldiyini soruşub. Rusiya Xarici İşlər Nazirliyinin saytında yer alan stenoqrama görə, Lavrov belə cavab verib:

“O, bir arqument irəli sürür: əgər o, yəhudidirsə, onların necə nasist ola bilər. Mən səhv edə bilərəm, amma A.Hitlerdə də yəhudi qanı olub. Bu, heç nəyi dəyişmir. Müdrik yəhudi xalqı deyir ki, ən qızğın anti-semitlər, bir qayda olaraq, yəhudidirlər…”

 

İsrailin xarici işlər naziri Yair Lapid Lavrovun bu sözlərini “bağışlanılmaz, hədsiz və kobud tarixi səhv” adlandırıb: “Hitlerin yəhudi olduğunu söyləmək yəhudilərin özlərini öldürdüyünü söyləmək kimi bir şeydir”.

 

Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin sözlərini İsrailin digər siyasətçiləri və ictimai təşkilatları, o cümlədən Yad Vaşem Holokost memorialının sədri Dani Dayan da pisləyib. O, bildirib ki, Lavrov “Hitlerin yəhudi əsilli olması ilə bağlı tamamilə yalan iddia irəli sürməklə, qurbanları cinayətkar kimi təqdim edib”.

 

Basta