Tokayevin səlahiyyəti azaldıldı – Referendumun nəticələri

Qazaxıstanın Mərkəzi Referendum Komissiyası ölkədə keçirilmiş referendumun ilkin nəticələrini açıqlayıb.

İlkin nəticələrə əsasən Konstitusiyaya düzəlişlərin lehinə seçicilərin 77,18 faizi, əleyhinə isə 18,66 fazi səs verib.

Bülletenlərin 2,58 faizi etibarsız sayılıb, səslər hesablanarkən bülletenlərin 1,58 faizi nəzərə alınmayı

Qeyd edək ki, referendumda konstitusiyaya 33 dəyişiklik səsə qoyulub. Ümumilikdə, dəyişikliklər Qazaxıstan konstitusiyasının üçdə birinə əhatə edir.

Ölkənin əsas qanununa edilən dəyişikliklər prezident üçün bir sıra məhdudiyyətləri nəzərdə tutur. Belə ki, bir nəfər ardıcıl iki dəfədən artıq prezident seçilə bilməyəcək və səlahiyyət müddəti ərzində partiya mənsubiyyəti olmayacaq.

Bundan başqa, prezidentin qohumları dövlət strukturlarında rəhbər vəzifələr tuta bilməyəcəklər. Həmçinin Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin adı konstitusiyanın mətnindən çıxarılacaq? – deyə Gunaz.tv məlumat verir.

***

Bu, ölkə prezidenti Kasım-Jomart Tokayevin şəxsi təşəbbüsüdür və çoxları hesab edir ki, bu referendumda hakimiyyət xalqı dövlət başçısına dəstək ifadə etməyə dəvət edir, BBC Rusca xidmətinin müxbiri Nərgiz Rıskulova qeyd edir.

Ekspertlərin fikrincə, yanvar etirazlarını KTMT qoşunlarının köməyi ilə yatırdıqdan sonra Tokayev bu yolla xalq arasında nüfuzunu  bərpa etməyə cəhd göstərir.

Bu, Qazaxıstanda müstəqillik əldə etdikdən sonra üçüncü referendumdur.

Qazaxıstanlılar bu dəfə referendumda paket şəklində, yəni bütün düzəlişlərin lehinə və ya əleyhinə birlikdə səs verməldirlər.

Nərgiz Rıskulova qeyd edir ki, qazaxıstanlıların əksəriyyəti bu dəfəki referendumu Nursultan Nazarbayevi “elbaşı” titulundan və digər imtiyazlardan məhrum etmək proseduru kimi əsasən görür.

30 ilə yaxın müddət ərzində hakimiyyətdə olan ölkənin birinci prezidenti keçən il Qazaxıstan Xalqları Assambleyasının sədrliyindən, bu ilin yanvarında baş verən etiraz aksiyaları zamanı isə  Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən istefa verib

Bundan sonra o, uzun müddət görünməyib və yalnız referendum ərəfəsində  “Kommersant” qəzetinə müsahibə verib. Nazarbayev referendumda Tokayevi dəstəkləyəcəyini vəd edib və bildirib ki, bundan sonra qlobal nüvə təhlükəsizliyi məsələləri ilə məşğul olmaq barədə düşünür.

Tokayev referendumda Nazarbayev tərəfindən əvvəllər ləğv edilmiş Konstitusiya Məhkəməsinin bərpasını təklif edir, lakin eyni zamanda, məhkəmənin sədrini təyin etmək və hakim müavinlərini təsdiq etmək səlahiyyəti dövlət başçısında qalır.

Beləliklə, Prezident ali baş komandan vəzifəsi, parlamenti buraxmaq, hökumət üzvlərini təyin etmək, yüksək rütbəli hakimləri vəzifəyə təyin etmək və vəzifədən kənarlaşdırmaq hüququ kimi keçmiş səlahiyyətlərinin əksəriyyətini özündə saxlayır. Ancaq təklif olunan dəyişikliklərdə demokratiyaya, o cümlədən qanunvericiliyin humanistləşdirilməsinə dair işarələr də var, Nərgiz Rıskulova qeyd edir.

Konstitusiya islahatı parlament seçkilərində iştirak edən partiyalar üçün qeydiyyat həddinin 4 dəfə azaldılmasını nəzərdə tutur.

İndi qeydiyyatdan keçmək üçün partiyalar 20 min yox, cəmi 5 min imza toplamalı olacaqlar. Qazaxıstanda yüksək qeydiyyat həddi müxalifət partiyalarının parlamentə yolunu əngəlləyən əsas problemlərdən biri hesab olunur.

Konstitusiyaya edilən dəyişikliklərdən biri də ölüm hökmünün qadağan edilməsini nəzərdə tutur. Qanunvericiliklə Qazaxıstanda ölüm hökmü 2021-ci ilin dekabrından ləğv edilib, lakin bu, konstitusiyada göstərilməyib.