Müsavat Əlikram Xurşidovun azad olunmasını tələb edir – Bəyanat
Müsavat Partiyası başqanının müşaviri, Məclis üzvü, keçmiş siyasi məhbus Əlikram Xurşidov qondarma ittihamlarla həbs edilib. Ona Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 gün müddətinə həbs cəzası verilib.
Əlikram Xurşidov polisə tabe olmamaqda ittiham edilir ki, bu da tamamilə əsassız və qanunsuzdur. Əlikram Xurşidov onun polisə dəvət olunmasının rəsmiləşdirilməsini istəyib və rəsmi çağırış olarsa bölməyə gələcəyini bildirib. Bunu təsdiq edəm videogörüntü sosial mediada geniş yayılıb.
Əlikram Xurşidova qarşı məhkəmə, onun yaxınlarına xəbər verilmədən, vəkilin iştirakı olmadan, gizli keçirilib. Bu həbsin sifarişli olduğu, onun sosial şəbəkədə və mətbuatda hakimiyyəti tənqid edən yazıları, aktiv siyasi fəaliyyəti ilə bağlı olduğu şübhəsizdir.
Əlikram Xurşidovun həbsi hakimiyyətin müxalifətə, söz və ifadə, sərbəst toplaşma azadlığına qarşı təqib kampaniyasının tərkib hissəsidir.
Müsavat Partiyası qondarma ittihamlarla həbs edilən Əlikram Xurşidovun və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.