Dini bloger 5 il 4 ay müddətinə azadlıqdan məhrum edildi
Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində dini bloger Rəşad Ramazanovun məhkəmə prosesi başa çatıb. O, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.
Məhkəmə onu 5 il 4 ay azadlıqdan məhrum edib, onun xanımı Könül Ramazanova bildirib.
Onun sözlərinə görə, məhkəmə prosesi tələsik başa çatıb, çünki dindirilməyən bir şahid qalmışdı. Bu gün dövlət ittihamçısı çıxış edib və Rəşadın 10 il azadlıqdan məhrum olunmasını istəyib”, – o deyib. Bundan əlavə, müttəhimə son sözlə çıxış etməyə imkan verməyiblər.
“Hakim Azər Tağıyev, sadəcə, soruşdu: bəraət istəyirsən? Rəşad “bəli” cavabını verdi”, – Ramazanova sözlərinə davam edib.
“Mənim həyat yoldaşım günahsızdır. Hətta məhkəməyə gələn şahidlər də ona qarşı ifadə vermədilər”, – o deyib.
Öz növbəsində vəkil Elçin Sadıqov bildirib ki, Ramazanov məhkəmədə deyib ki, saxlanıldıqdan sonra işgəncələrə məruz qalıb. Hətta ekspertiza etiraf edib ki, onun bədənindəki zorakılıq izləri saxlanma vaxtı ilə üst-üstə düşür.
“Ramazanovun günahı sübut olunmayıb. Məhkəmə ona bəraət verməliydi, ancaq ittiham hökmü çıxardı”, – Sadıqov deyib.
Bu səbəbdən prokurorun çıxışından sonra Ramazanov etiraz olaraq batareya udub. Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək.
*Rəşad Ramazanov 20 may 2022-ci ildə saxlanılıb, ertəsi gün Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) 4 ay müddətinə həbs edilib. O, ittihamları rədd edib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Rəşad Ramazanov 2013-cü ilin mayında da həbs edilmişdi və külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə əfv edildi.
Yerli hüquq-müdafiə təşkilatları Rəşad Ramazanovu siyasi məhbus kimi tanıyaraq bildiriblər ki, həbsin əsl səbəbi hakimiyyətin din sahəsində siyasətinin sosial şəbəkələrdə tənqid edilməsidir.