Rusiyanın Katın və Yelenovka cinayətləri
Mustafa Hacıbəyli
Rusiyanın əsir götürdüyü ukraynalı hərbçilərin öldürülməsı dəhşətli bir cinayətdir. Ruslar İkinci Dünya savaşında əsir götürdükləri Polşa zabitlərini Katın meşəsində əli-qolu bağlı güllələmiş, cinayəti almanların üstünə atmışdılar. İndi də eyni üsulla Ukraynanın üstünə atmaq istəyirlər.
Rusiya cənazələri verməkdən imtina edir, bununla da, onların həlak olmasının səbəbinə dair Moskvanın təqdim etdiyi versiyanın uydurma olduğunu etiraf etmiş olur.
Cənazələrin ekspertizası, onların nədən, necə və nə vaxt həlak olduqlarını üzə çıxara bilər.
Mən ehtimal edirəm ki, indi həlak olduğu deyilən “azovcular”ın bir çoxu işgəncə ilə öldürülüb, özü də indi yox, əsir götürüldükdən dərhal sonra. Yelenovka koloniyasındakı partlayış isə sadəcə əvvəlki cinayətləri ört-basdır etmək üçün bir tamaşadır.
Bu tamaşa niyə indi təqdim olundu? Çünki iki gün əvvəl Blinken Lavrovla danışığında ilkin şərt olaraq hərbi əsirlərin azad olunmasını tələb etmişdi.
Kreml Katın cinayətini 50 il sonra da olsa etiraf etdi. Yelenovka cinayətini də gec-tez etiraf edəcək. Polşa xalqı o cinayəti ruslara bağışlamayıb. Ukrayna xalqı da bağışlamayacaq.
Biz də bağışlamalı deyilik, çünki bunlar tək Polşaya, Ukraynaya yox, insanlığa qarşı cinayətlərdir.