Kosovo ilə Serbiya arasında gərginlik

Rusiya-Ukrayna müharibəsinin ardınca, Avropada daha bir münaqişə alovlana bilər. Dünya birliyinin bir hissəsi tərəfindən müstəqilliyi tanınmış Kosovo Respublikası ilə Serbiya arasında gərginlik artmaqdadır. Ötən gün Kosovonun şimalında yaşayan serblər yollarda barrikada quraraq nəqliyyatın hərəkətini iflic ediblər. Bunun səbəbi Kosovo hökumətinin Serbiya vətəndaşlarının girişi üçün qaydalar tətbiq etmək cəhdidir. Serblərin etirazından sonra Kosovo hökuməti qərarın tətbiqini daha bir ay təxirə salmağa hazır olduğunu açıqlayıb. 

“Priştina administrasiyasının məlumatına görə, bazar ertəsi inzibati sərhəddəki keçid məntəqələrində barrikadalar götürülərsə, bu tədbirlər sentyabrın 1-nə qədər təxirə salınacaq”, – deyə, yerli televiziya xəbər verib. Qeyd olunur ki, yeni qaydaların təxirə salınması barədə qərar ABŞ hakimiyyətinin xahişi ilə verilib.

Nəzərdə tutulmuşdu ki, avqustun 1-dən Kosovoya Serbiya şəxsiyyət vəsiqəsi ilə daxil olmaq istəyən vətəndaşlar üç ay müddətinə ölkəyə giriş-çıxış üçün xüsusi bəyannamə almalıdırlar. Bu sənəd həm quru sərhədini keçərkən, həm də hava limanında veriləcək.

Bundan əlavə, Serbiya nömrəli avtomobillərdə olan sürücülər ölkəyə daxil olmaq üçün, onları Kosovo nömrələrinə yenidən qeydiyyatdan keçirməli olacaqlar.

Yeni qaydalar əsasən Kosovonun şimalında,  etnik serblərin kompakt yaşadığı Kosovska Mitrovitsa şəhərinin sakinlərinə şamil edilməlidir.

Serbiya Kosovonun müstəqilliyini tanımır və buna görə də bu şəhəri öz ərazisi hesab edir. Qeyd edək ki, Rusiya və Azərbaycan da Kosovonın müstəqilliyini tanımayıb. Türkiyə isə Kosovonun müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir.

Serbiyanın Müdafiə Nazirliyi öz qoşunlarının Kosovo ərazisinə yerləşdirilməsi ilə bağlı daha əvvəl yayılan xəbərləri təkzib edib.

Öz növbəsində Kosovo polisi ölkənin şimalında hər hansı əməliyyat keçirməyi planlaşdırmadıqlarını bildirib.

Kosovodakı Beynəlxalq Təhlükəsizlik Qüvvələri (NATO) lazım gələrsə, müdaxilə etməyə hazır olduqlarını bildirib.

Serbiya prezidenti Aleksandar Vucic Priştina hakimiyyətini Kosovonun şimalında etnik serbləri sıxışdırmaqda ittiham edib.

Kosovonun baş naziri Albin Kurti isə deyib ki, Priştinanın qərarı “Serbiyanın 11 il əvvəl həyata keçirməyə başladığına” cavabdır.

Qeyd edilir ki, Belqrad ilkin dövrdə Kosovo dövlət nömrə nişanlı avtomobilləri ümumiyyətlə Serbiyaya buraxmayıb, 2011-ci ildə isə xüsusi rüsum ödənilməklə girişə icazə verib. Nəticədə Serbiyaya tez-tez səfər edən sürücülər onun nömrələrindən istifadə etməyə üstünlük veriblər.

Serbiya nömrəsi ilə qeydiyyatdan keçmiş avtomobil sürücüləri üçün məhdudiyyətlər barədə qərar Priştina hakimiyyəti tərəfindən ötən ilin sentyabrında verilib.  Kosovo Respublikasının şimalında yaşayan etnik serblərkn etirazlarına görə qərarın tətbiqi bir neçə dəfə  təxirə salınıb.

Basta