Türkiyə Ukraynada “Bayraktar” istehsal edəcək zavodun tikintisi üçün torpaq sahəsi alır
Türkiyənin “Baykar” şirkəti Ukraynada qeydiyyatdan keçərək, pilotsuz “Bayraktar” uçuş aparatları istehsal edəcək zavodun tikintisi üçün torpaq sahəsi alıb. Bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar “RBC-Ukrayna”ya müsahibəsində deyib.
Kyiv və Ankara 2022-ci ilin fevral ayının əvvəlində Ukraynada Bayraktar pilotsuz uçuş aparatlarının istehsalı zavodunun inşasını nəzərdə tutan saziş imzalayıb. Eyni zamanda, iyulun ortalarında “Baykar” şirkətinin direktoru Haluk Bayraktar Türkiyənin öz pilotsuz təyyarələrini heç vaxt Rusiyaya tədarük etməyəcəyinə söz verib.
Səfir qeyd edib ki, şirkət zavodun layihəsini özü hazırlayıb və onu sona qədər həyata keçirmək niyyətindədir.
“Çünki bu istehsalın Ukraynada aparılması şirkət sahiblərinin şəxsi öhdəliyi idi,” o bildirib.
Onun sözlərinə görə, belə qərarın təkcə siyasi deyil, həm də praktiki əhəmiyyəti var, belə ki, bu halda gələcək zavodda istehsal olunan modellərin əhəmiyyətli hissəsində Ukrayna istehsalı olan komponentlər olacaq.
“Bu, mühərriklər, digər ehtiyat hissələri, təkərlər, yüksək texnologiyaya malik olduğumuz və bu təyyarələr üçün istifadə edilə bilən bir çox müxtəlif hissələr ola bilər,” Bodnar deyib.
Ukrayna Rusiya ilə müharibədə Türkiyənin “Bayraktar TB2” pilotsuz təyyarələrindən fəal şəkildə istifadə edir. Pilotsuz təyyarə həm zərbə, həm də kəşfiyyat funksiyalarını yerinə yetirə bilir. Ukrayna Bayraktardan ilk dəfə 2021-ci ildə döyüş meydanında istifadə edib.
May ayının sonunda Litvanın “Laisves TV” televiziya kanalı “Bayraktar”ın Ukraynaya alınması üçün vəsait toplama kampaniyasına başlayıb. Telekanal 5.9 milyon avro toplaya bilib.
Bununla belə, “Baykar” yığılan pulun Ukraynaya humanitar yardım üçün istifadə olunacağı, Ukrayna və Litva bayraqlarının rənglərinə boyanmış pilotsuz uçan aparatının hədiyyə ediləcəyi ilə bağlı ictimaiyyətlə razılaşıb.