Borreldən həyəcan təbili: “Rusiya Ukrayna ilə sərhəddə 150 min nəfərlik qoşun toplayıb”

Avropa diplomatiyasının rəhbəri Josep Borrell, Rusiya ilə Ukrayna sərhədində və ilhaq edilmiş Krımda birliklərini artırmağa davam etdiyini söylədi. Ukraynanı “təmkinli” olması üçün təriflədi və Moskvanı gərginliyi azaltmağa çağırdı.

 

Rusiya Ukrayna ilə sərhəd bölgəsinə və ilhaq edilmiş Krıma 150 mindən çox hərbçi  yerləşdirib. Bu barədə Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik üzrə təmsilçisi Josep Borrell bazar ertəsi günü AB xarici işlər nazirlərinin video konfransından sonra keçirdiyi brifinqdə məlumat verib. Tədbirdə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba da iştirak edib.

 

“Ukrayna sərhədləri yaxınlığında Rusiya  qoşunlarının getdikcə artması bizi çox narahat edir. 150 mindən çox rus əsgəri Ukrayna sərhədləri yaxınlığında və Krımda yerləşdirilib” – deyə, Borrel narahatlığını ifadə edib.

 

DW müxbirinin verdiyi məlumata görə, Avropa diplomatiyasının rəhbəri jurnalistlərin sorğusuna rəğmən bu məlumatların mənbəyini açıqlamayıb, lakin bunun  etibarlı olduğunu bildirib. Borrell, Ukrayna sərhədləri yaxınlığında və Krımda Rusiya qoşunlarının artmasının davam etdiyini və son illərin ən yüksək sayına çatdığını açıqlayıb. Borrel rəsmi Kiyevi “təmkinli” olması üçün tərifləyib və Moskvanı gərginliyi azaltmağa çağırıb.

 

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi Moskvanı Ukrayna sərhədlərində və ilhaq edilmiş Krımda 80 mindən çox əsgər yerləşdirməkdə günahlandırmışdı.

 

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın “silahlı qüvvələrini öz ərazisi daxilində öz mülahizəsinə görə” yerləşdirdiyini  və “bunun heç kimə dəxli olmadığını” söyləyib.

 

AB, NATO, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya da Rusiya qoşunlarının Ukrayna sərhədlərində cəmləşməsindən narahat olduqlarını dilə gətirib. Bu məsələ ilə bağlı G7 ölkələrinin xarici işlər nazirləri də oxşar açıqlama veriblər.

 

Basta