Səxavət Soltanlı: “Avtoritarizimə qarşı hələ də ən ciddi güllə seçki bülletenləridir”

Səxavət Soltanlı, Müsavat başqanının müavini

Sosial elmlər (sosiologiya, siyasət) riyaziyyat, fizika deyil, bu elmlərin “2+2”sinin qiyməti zamana, məkana, coğrafiyaya görə dəyişir, fərqli nəticələr alınır.

Sosiologiyada 50 il əvvəl cavabı “4” olan sualın cavabı bu gün fərqlidir. Məsələn “Yuxarılar əvvəlki kimi idarə edə bilmir, aşağılar da belə yaşaya bilmir” formulunun cavabı 1917 də başqaydı, indi tamam başqadır. Siyasət bu kimi köhnə düsturlar üzərində qurulacaqsa, nəticə əlbəttə olmayacaq. Bu formula ümid edib siyasət quranlar bu işi buraxa bilərlər.

Siyasətşünaslıqda, sosiologiyada bir çox nəzəriyyələr, formullar sözün hər iki mənasında köhnəlmişdir.

Sosial elmlər deyir ki, 50-70 il əvvəl işləyən, özünü doğruldan nəzəriyyələr var ki, ümumiyyətlə bu gün özünü doğrultmur.

Nümunə olaraq deyə bilərik ki, “Nə qədər çox insan narazıdırsa, o qədər də çox etirazçı var” düsturu bu gün ümumiyyətlə işləmir. “Nə qədər ac varsa, o qədər siyasi, sosial səfərbərlik var” yanaşması doğru deyil.

“Ay can, ay can neftin qiyməti ucuzlaşdı, daha çox insan hakimiyyətdən narazı qalacaq, inqlab olacaq” söhbətləri siyasi, sosial, sosial-psixoloji bilgisizlikdən, ümumi savadsızlıqdan başqa bir şey deyil. Görünən odur ki, bir çox müxalif təşkilatlardan, şəxslərdən hakimiyyət daha yaxşı bilir ki, ac insanlarla demokratiya gəlmir, olmur.

Siyasi narazılıq avtomatik siyasi iştirak, siyasi səfərbərlik demək deyil. Siyasi iştirak sosial narazılıqdan daha çox siyasi, sosial imkanlara fürsətlərə bağlı məsələdir. Bu fürsətlərin ən unikalı əlbəttə seçkidir (seçki dövrüdür). Müasir siyasət onu diqtə edir ki, vətəndaşın narazı olduğu məsələləri siyasi partiyalar seçkilərə daşımalıdır.

Seçki olmayan dövrdə belə müxalifət növbədənkənar seçki tələb etməlidir. Yoxsa ki, biz normal, vaxtında keçiriləcək seçkiyə 3 ay qalmış başlayırıq ki, “boykot, boykot” və ya “iştirak yoxsa boykot”?

Narazılıqla etiraz bir çox hallarda tam əksinə, tərs mütənasib olur. Aclıq, narazılıq artdıqca, etiraz azalır. İqtisadi, sosial çətinliklər, işsizlik, aclıq olan dövrlərdə susqun qalan xalqların bir çoxu işlər normala düşəndə etirazları artırır. Nümunəsi keçən əsrin ortalarının Amerikası. Müharibədən böyük iqtisadi itkilərlə çıxmış dövlət, daha çox ac xalq susqun qaldı. Vəziyyət müsbətə doğru dəyişdikdə, iqtisadiyyat düzəldi, işsizlik azaldı siyasi, sosial fəallıq artdı, etirazlar baş verdi. Xalq öz imkanlarından, maddi, fiziki və zaman olaraq siyasətə sərmayə yatıra bilir.

Amerikan sosioloqu John McCartinin “Social movement and resource mobilization” (Sosial hərəkat və resurs səfərbərliyi” nəzəriyyəsi bu mövzuda olan ciddi nəzəriyyələrdən biridir. Heyif ki, bizdə öyrənilmir.

Müasir siyasətdə əsas hədəfin (şəraitdən asılı olmayaraq) seçki, seçkidə səs almaq, seçki kontekstində kütləvi tədbirlər keçirmək, daha çox narazı kütləni ətrafına yığmaq deyilsə, əvvəlcədən nəticənin “sıfır” olqcağına əmin ola bilərsən.

Siyasi fürsətləri düzgün öyrənmədən, qiymətləndirmədən “ayağını evdən çölə atmağın” heç bir mənası yoxdur. Bu məsələ ciddi resurs, araşdırma, öyrənmə tələb edir. Bu mövzuda dünyada ciddi araşdırmalar var, bizdə isə bu araşdırmalar demək olar yox dərəcəsindədir, araşdırmalara ciddi ehtiyacımız var.

Bizdə dəyişiklik, proqres həm də ona görə yoxdur ki, 5-3 mənasız mətbuat linki açan, bir neçə mənbədən eyni hadisə haqda informasiya alan, təbliğat maşınlarının “üyütdüyü” tezisləri dinləyən hər kəs siyasəti, sosiologiyanı, ümumiyyətlə bütün söhbətləri bildiyini düşünür.

Ən pisi də odur ki, adamlar bilmədiyi mövzularda danışmaqdan çəkinmir.  Nəinki çəkinmir, insanlar heç bir nəzəri bilikləri olmadığı mövzularda məruzə deyir, utanmadan bilmədiyi möbzuda kitab yazanları demirəm hələ.

Bu sahə elədir ki, dünən deyilənlər bu gün özünü doğrultmur. Bütün bunlara baxmayaraq avtoritarizimə qarşı hələ də ən ciddi güllə seçki bülletenləridir. Təşkilatlanma və mobilizasiya üçün müsbət dəyişikliklər, dövlətin güclənməsi, siyasi dəyişikliklər üçün də bizdə ilk növbədə öldürülmüş siyasəti yenidən yaratmaq lazımdır. Bizdə siyasətin yaranması üçünsə ilk növbədə seçki sistemini yaratmaq, dəyişmək lazımdır. İçinə girərək, kənarda qalaraq yox. Kənarında qaldığın nəyisə dəyişmək çətindir.

Basta