Müsavat Divanının gündəliyi

Oktyabrın 20-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda görülən işlər barədə məlumat dinlənilib.

Müsavat Partiyası rəhbərliyi və bir qrup fəalın oktyabrın 18-də Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı Fəxri Xiyabanda Azərbaycan xalq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər. Qeyd edilib ki, tədbir sosial şəbəkələrdə geniş yayılıb və cəmiyyətdə rəğbətlə qarşılanıb. Tədbirin təşkilatçılarına və iştirakçılarına Divan adından təşəkkür edilib.

Müsavat Partiyasının Məclis sədri Arif Hacılı Toplum TV işi üzrə məhkəmə prosesi barədə məlumat verib.

Müsavat Partiyasının üzvü, siyasi məhbus Tofiq Yaqublunun səhhətində ciddi problemlərin olmasına baxmayaraq, onun müalicəsi üçün şərait yaradılmadığı xüsusi narahatlıqla qeyd edilib. Onun və səhhətində ciddi problemlər olan digər məhbusların azadlığa buraxılmasına yenə çağırış edilib.

Daha sonra ölkədə və regionda baş verən proseslər müzakirə edilib. Qeyd edilib ki, mediada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ağır cinayətlərdə, o cümlədən xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq və vətənə xəyanətdə ittiham olunduğu haqda məlumatlar yayılsa da, hüquq mühafizə orqanları bu barədə hər hansı bir açıqlama verməyib. Məlumat qıtlığı bu mövzuda müxtəlif ehtimalların yaranmasına səbəb olub. Müsavat Partiyası proseslərin gedişatını diqqətlə izləyir, hakimiyyətdən bu məsələ ilə bağlı rəsmi mövqe bildirilməsini, yayılan məlumatların təsdiq, yaxud təkzib olunmasını tələb edir.

Sonda cari məsələlər müzakirə olunub.