“Tərtər işi” ilə əlaqədar yüksək vəzifəli zabitin saxlanıldığı bildirilir
Cümə günü hərbi mənbələr Azərbaycan Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucovun saxlanıldığını bildiriblər.
Baş Prokurorluq hələlik bu məlumatı nə təsdiq, nə də təkzib edir.
Məlumatlı mənbələr Orucovun “Tərtər işi” ilə əlaqəsi olduğunu bildirirlər. 2017-ci ildə o, Azərbaycan SQ-nin Tərtərdə yerləşən korpuslarından birinin qərargah rəisi olub.
Qeyri-rəsmi məlumatlara görə, Orucov çox sayda hərbiçiyə işgəncə verilməsində və onların qanunsuz həbsində iştirak etməkdə şübhəli bilinir. Bu repressiyalara Ermənistan tərəfi ilə əməkdaşlıq şübhələri səbəb olmuşdu, sonradan bu şübhələr təsdiqini tapmayıb.
* 2016-cı il aprel döyüşlərindən sonra Azərbaycanda hərbiçilər kütləvi şəkildə istintaqa cəlb edilməyə başlayıb, bu proses “Tərtər işi” adını alıb.
Həmin vaxt Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və DİN birgə bəyanatlarında bu həbsləri şübhəli şəxslərin Ermənistanın xeyrinə casusluqda iştirakı ilə əsaslandırırdı.
İctimaiyyət 2017-ci ilin may-iyun aylarında saxlanılan şəxslərə kütləvi şəkildə işgəncə verilməsinin təfərrüatını 2019-cu ildə öyrənib.
Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qoyulub, 25 nəfər uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən az 9 nəfər işgəncələr nəticəsində dünyasını dəyişib.
Şahidlərin ifadələrinə, məhkəmə ekspertizasının materiallarına əsasən, təqsirləndirilən şəxslər ağır işgəncələrə məruz qalıblar.
Hakimiyyət uzun müddət hərbi qulluqçulara qarşı kütləvi repressiya faktlarını inkar edib, amma ictimaiyyətin təzyiqi və zərərçəkmişlərin qohumlarının daimi etirazları nəticəsində onları qəbul etmək və təhqiqatı bərpa etmək məcburiyyətində qalıb.
Turan