Əliyev və Paşinyanın Aİ vasitəçiliyi ilə görüşü Rusiyanı qəzəbləndirib

Rusiya rəsmisi Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edən Brusselin vasitəçilik rolunu tənqid edərək bildirib ki, Aİ-nin fəallığı arxasında “geosiyasi ambisiyalar” durur.

“Aİ-nin Cənubi Qafqazdakı fəallığı geosiyasi ambisiyalarla müəyyən edilir. Fikrimizcə, bunun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına real yardım istəyi ilə heç bir əlaqəsi yoxdur”, – XİN-in ənənəvi brifinqində suala cavab verən Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, “avropalıların psevdotəşəbbüsləri”ndən fərqli olaraq, Rusiyanın vasitəçilik səyləri “konkret nəticələr” verir və tərəflər də bunu “uyğun qiymətləndirir”.

Mariya Zaxarovanın bəyanatı Brüsseldə İlham Əliyevin və Nikol Paşinyanın Aİ vasitəçiliyi ilə təşkil olunan sayca 4-cü görüşündən əvvəl səslənib.

Aİ Rusiyanın bəyanatına hələ ki, münasibət bildirməyib.

Aİ Şurasının Prezidenti çərşənbə axşamı günü yaydığı tvitdə görüş tərəfləri ilə öncədən tefefonla söhbət etdiyini bildirib. Charles Michel gündəm barədə məlumat verməyib. Lakin Bakı və Yerevanda səslənən bəyanatlar Brüsseldə müzakirə olunacaq bəzi mövzular ətrafında məxfilik pərdəsini bir qədər qaldırmış olur.

Şənbə günü Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, üçtərəfli görüşdə sülh sazişinin mətninin hazırlanması ilə bağlı “işçi qrupunun təşkili” razılaşdırıla bilər. Bakının bəyanatına dərhal reaksiya verən Yerevan bu məlumatı nə təkzib, nə də təsdiq edib.

“Görüşün nəticələri ilə bağlı yayılacaq müvafiq açıqlamada müzakirə olunan mövzulara dair hərtərəfli məlumat veriləcək”, – Ermənistan Baş nazirinin mətbuat xidməti bildirib.

Brüsseldə keçirilən danışıqlar bölgədə vəziyyətin gərginləşməsindən sonra baş verir. Bu ayın əvvəlində Qarabağda atışmalar ən azı bir azərbaycanlı və iki erməninin ölümü ilə nəticələnib. Hər iki tərəf zorakılıqda bir-birini günahlandırır.

Yerevanda bəzi təhlilçilər gərginliyi danışıqlardan əvvəl siyasi təzyiq üsulu hesab edirlər. Bu barədə erməni politoloq Benyamin Poğosyan Rusiyanın Kommersant nəşrinə bildirib.

“Avqustun əvvəlində baş verənlər göstərdi ki, hərbi üstünlüyə malik olan Bakı Yerevanı öz şərtləri ilə razılaşmağa məcbur edə bilər. Bundan əlavə, Cənubi Qafqazda iştirak edən bütün əsas xarici oyunçular – Rusiya, Aİ, ABŞ, İran və Türkiyə – bir daha gördülər ki, Ermənistan cəmiyyəti və dövləti növbəti ərazi itkisinə dözməyə hazırdır”.

Bakı hərbi əməliyyatı öz əsgərinin ölümünə görə “intiqam” adlandırıb, lakin onun hərəkətləri həm də yerlərdəki vəziyyətlə bağlı narazılıqdan irəli gəlir, avqust ayındakı gərginliyi şərh edən Beynəlxalq Böhran Qrupunun(İCG) təhlilində deyilir. Məqaləyə görə, Bakı, hazırda o cümlədən Qarabağdan erməni hərbçilərinin çıxarılmasını və sülh sazişinin imzalandığını görmək istəyir.

2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra Yerevan və Bakı arasında danışıqlar iki platformada – Brüssel və Moskvada aparılır.

Ukraynadakı müharibəyə görə Qərblə Rusiya arasında ziddiyyətlər kəskinləşsə də, qoşa vasitəçilik davam etməkdədir və indiyədək tərəflərin ona qarşı açıq etirazları nəzərə çarpmır. Daha mübahisəli məsələ ATƏT Mİnsk qrupunun (MQ) iştirakı ilə bağlıdır.

Bakı ABŞ, Fransa və Rusiya həmsədrlərindən ibarət vasitəçilər qrupuna “ehtiyac qalmadğını”, Yerevan isə MQ mandatının hələ də aktual olduğunu deyir. Ötən həftə MQ-nin amerikalı həmsədrinin təyin olunması barədə xəbər Bakıda narazılıqla qarşılanıb.

Ermənistan və Azərbaycan liderləri arasında sonuncu görüş üç ay əvvəl, mayın 22-də baş tutub. Brüsseldə, Avropa Şurası prezidentinin təşəbbüsü ilə keçirilən görüşdə Əliyev və Paşinyan delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının iclasının təşkili barədə razılığa gəliblər.

Bunun ardınca komissiyaların rəhbərləri, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri ilk dəfə olaraq ölkələrin sərhəd bölgəsində görüşüblər. Onların Moskvadakı görüşü məhz həmin o danışıqların məntiqi nəticəsi sayıla bilər.

Hər iki tərəf belə görüşlərlə bağlı məmnunluğunu ifadə etsə də, Bakı və Yerevan bir-birini əvvəlki razılaşmaları icra etməməkdə ittiham edirlər. Qarşılıqlı narazılığı Laçından yan keçən “alternativ yol” ətrafında mübahisələr də sərgiləyir.

Avqustda Azərbaycan tərəfi yolun çəkilib başa çatdığını elan edəndən sonra, Yerevan öz ərazisindən kecəcək hissənin hələ hazır olmadığını söylədi. Ermənistana əsasən, bu yolun inşası üzrə üçtərəfli razılaşma olmalı idi, ancaq “ona əməl olunmayıb”. Hazırda Yerevan bu yolda işlərin davam etdirildiyini bildirir.

İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli razılaşma o cümlədən Qarabağdan Ermənistana alternativ yolun çəkilməsini nəzərdə tutur. Və belə görünür ki, onun inşası indiyədək uğurlu sayılan, üçtərəfli razılaşmanın həyata keçirilməsində nadir irəliləyiş nümunəsi sayıla bilər.

Bu yolun açılması ilə həm də, etnik ermənilər Laçın şəhərini, Sus və Zabux kəndlərini də tərk etdilər – oraya artıq Azərbaycan ordusu yerləşib və bəzi dövlət strukturlarının şöbələri açılıb.

Kommunikasiyaların açılmasına dair başqa layihələr isə hələ də mübahisələrə səbəb olur.

May ayında Brüsseldə keçirilən üçtərəfli görüşdən qayıdandan sonra İlham Əliyev Zəngəzur dəhlizi adlanan yolun açılmasına razılaşdıqlarını bəyan etsə də, Nikol Paşinyan bunu təkzib edərək, sadəcə regional kommunikasiyaların açılmasına razılaşdıqlarını bildirmişdi.

Bu mübadilə danışıqlardakı məsələlərin nə qədər həssas və ziddiyyətli qaldığını göstərir.

BBC