Tofiq Yaqublunun məhkəməsi: “Müstəntiq şahidin adından saxta ifadə yazıb”
Bu gün Nizami Rayon Məhkəməsində Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesə bu dəfə də müxalifət fəalları buraxılmayıb və iclas yaraqapalı şəraitdə keçirilib. İclasda iştirak edən Nigar Həzi Tofiq Yaqubluya qarşı irəli sürülən ittihamların ifşa olunması barədə məlumat verib. O qeyd edib ki, məhkəmədə şahid kimi ifadə verən şəxslərin prosesdə dedikləri ilə, onların müstəntiqə verdikləri ifadələrdə ziddiyətlər üzə çıxıb.
“Müstəntiq şahidlərin adından saxta ifadələr yazıb” – deyə, Nigar Həzi bildirib. O, məhkəmədə ittiham tərəfinin tam ifşa olunduğunu bildirib.
.
.
T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, “8-ci kilometr bazarı”nın yaxınlığında T.Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.
T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə – martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: “”8-ci kilometr bazarı”nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır”.
Basta