Türkiyə mədənində partlayış: ən azı 40 nəfər ölüb
Türkiyənin şimalındakı Bartın vilayətində kömür mədənində partlayış nəticəsində Bakı vaxtı ilə saat 13:35-ə olan məlumata görə ən azı 40 nəfər ölüb. Cümə günü baş verən hadisə vaxtı mədəndə təxminən 110 nəfər olub, onların bir hissəsinin 300 metrdən çox dərinlikdə qaldığı bildirilir.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca 11 nəfərin xilas edildiyini deyib. Sağ qalanlara çatmaq üçün təcili yardım qrupları işləyir.
Qara dəniz sahili bölgəsindəki mədəndən çəkilən videolarda xilas olunan halsız və yaralı işçilərin xəstəxanaya aparıldığını görmək olar. Ərazidə toplanan mədənçilərin yaxınları onlardan xəbər gözləyirlər.
Nə baş verib?
Partlayışın təxminən 300 metr dərinlikdə baş verdiyi güman edilir. Daxili işlər naziri Süleyman Soylu bildirib ki, 300-350 dərinliyindəki “riskli” zonada 49 nəfər işləyirdi.
“Bizim həmin ərazidən evakuasiya edə bilmədiyimiz insanlar var”, cənab Soylu hadisə yerində olan jurnalistlərə deyib.
Partlayışın səbəbi məlum deyil, yerli prokurorluq araşdırmalara başlayıb.
Türkiyənin energetika nazirinə əsasən, ilk əlamətlərə görə partlayışa səbəb yerin təkində toplanan metan qazının alovlanması ola bilər.
Hakimiyyət mədəndə qismən çökmələrin olduğunu deyib. Lakin hazırda yanğın söndürülüb və ventilyasiya sistemi düzgün işləyir, rəsmi məlumatda deyilir.
“Toz və tüstü bürüyüb”
Hadisənin baş verdiyi Amasra rayonunun bələdiyyə sədri Recai Çakır sağ qalanların “ciddi xəsarətlər” aldığını bildirib.
Mədənçilərdən biri yerin altında baş verənləri təsvir edərkən deyib ki, ətrafı “toz və tüstü bürüyüb, nəyin baş verdiyini dəqiq bilmirik”.
Mədən dövlətə məxsus Türkiyə Taşkömürü Müəssisələrinə məxsusdur.
Türkiyə kömür mədənlərində ən ölümcül fəlakət 2014-cü ildə Soma şəhərində baş verib. O vaxt partlayış 301 nəfərin ölümünə bais oldu.
BBC